Modern.az

İşğaldan azad olunmuş Laçında ilk Ramazan bayramı: “Niyyətimiz çin oldu!”

İşğaldan azad olunmuş Laçında ilk Ramazan bayramı: “Niyyətimiz çin oldu!”

10 Aprel 2024, 11:40

Bu gün İslam dünyası müqəddəs Ramazan bayramını qeyd edir. Azərbaycanın dörd bir yanında bu bayram qeyd olunur.  Elə işğaldan azad olunmuş ərazilərdə də. İlk dəfə azad olunmuş bütün torpaqlarımızda azan səsi gəldi, namaz qılındı. 

Maraqlıdır, işğaldan azad olunan ərazilərdə bayram əhval-ruhiyyəsi necədir?
 

Modern.az bununla əlaqədar ata-baba yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə əlaqə saxlayıb.
 

Hazırda Laçında yaşayan sakin İsmayıl Ağayev saytımıza bildirib ki, məscidin inşası davam etdiyinə görə, hələlik insanlar harada mümkündürsə, bayram namazlarını qılırlar:
 

"Bu gün ilk dəfədir ki, laçınlılar Ramazan bayramını doğma Laçında qeyd edirlər. Hava çox gözəldir. Hamı bir-birini təbrik edir. Hələ ki məscidimiz inşa olunur. Ona görə də dost-tanış evlərdə, təbiətin qoynunda yığılır. Yəni harada imkan varsa, orada bayram namazını qılırlar. Yaxın illərdə inşallah məscidimiz inşa olunar, uzağı gələn il Ramazanda Laçın camaatı müqəddəs bayram namazını birlikdə qılar".
 

"İndi bizə də qonaq gələcəklər, biz də qonaq gedəcəyik. Əvvəldən bizdə adətlər vardı, bayramlaşırdıq, bayram hədiyyələri ilə süfrə açırdıq. Bu gün bayramı qeyd etmək daha sevinclidir, çünki ilk dəfədir ki, müqəddəs bayramı toplu şəkildə Laçında qeyd edirik", - Laçın sakini əlavə edib.
 

Digər laçınlı Ziyadxan Məmmədov da bayram təəssüratlarını bölüşüb:
 

"Səhər tezdən durub bayram namazını qılmışıq. Hər yer çiçəklənib, yaşıllaşıb. Səhər bir az çiskin vardı. Bayram namazını məscidimizin tikintisi davam etdiyinə görə, qazi bir yoldaşla bizim evdə qıldıq. Dayılarım, əmilərim buradadır, onlarla bayramlaşacağıq. Elə küçədə kimi görürsən, hamı bayramlaşır. Doğma yurdda ilk Ramazan bayramını qeyd edirik, bu, nəyə desən dəyər. Əvvəllər buni yuxuda görə bilərdik, arzumuz artıq reallıqdır. Şükürlər olsun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Prezidentimizə can sağlığı versin. Gətirib bizi bura çıxarıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var