Modern.az

Gürcüstanda insanlar niyə etiraz edir? - "Xarici agent" böhranı

Gürcüstanda insanlar niyə etiraz edir? -

Dünya

18 Aprel 2024, 10:07

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar üç gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir. Aksiya iştirakçılarının sayı hər keçən gün artır.

 

Parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndiriblər.

 

Bəs, Gürcüstanda insanlar niyə etiraz edir? 

 

Modern.az məsələnin detallarını təqdim edir.

 

“Xarici agentlər” qanun nədir?

 

“Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatların “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsini tələb edir. Sözügedən qanunun tələblərini əməl etməyənlər cərimələnəcək.

 

Hakim “Gürcü Arzusu” partiyası qanun layihəsinin ABŞ-ın “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) modeli əsasında hazırlandığını bildirib. Hökumət rəsmiləri qanunun şəffaflığı təşviq etmək və əcnəbilər tərəfindən tətbiq edilən “psevdoliberal dəyərlər”lə mübarizə aparmaq üçün labüd olduğunu deyir.

Qanuna qarşı kimlər və niyə etiraz edir?

 

Gürcüstan müxalifəti qanun layihəsini “Rusiya qanunu” adlandırır və onu Kremlin siyasi opponentləri sıxışdırmaq və müxalifəti susdurmaq üçün istifadə etdiyi qanunvericiliklə müqayisə edir. Qeyd edək ki, Rusiyada yüzlərlə jurnalist, siyasətçi, hüquq təşkilatları, ətraf mühit qrupları və digər şəxslər və təşkilatlar xarici agentlər siyahısına salınıb.

 

Qanuna əsasən, onlar sosial mediada və ya mətbuatda yazı dərc edən zaman adlarının qarşısında “xarici agent” etiketindən istifadə etməlidirlər. “Casus” mənasını daşıyan “xarici agent” ifadəsi Rusiya hakimiyyəti tərəfindən insanlar və təşkilatlar ətrafında şübhə mühiti yaratmaq üçün istifadə olunub.

 

Hökumət niyə qanun layihəsini yenidən gündəmə gətirib?

 

Yeni qanun layihəsi hakim partiyanın 2023-cü ilin martında təqdim etməyə çalışdığı qanun layihəsi ilə demək olar ki, eynidir. Həmin vaxt iki gecə davam edən şiddətli etirazlardan sonra hakim partiya geri çəkildi. Hakimiyyət indi deyir ki, insanları “radikal müxalifət” aldadıb qanuna qarşı çıxıb və yenidən cəhd edəcək.

 

Qərb ölkələrinin tənqidlərinə cavab olaraq Tbilisi ölkədə fəaliyyət göstərən QHT-lərdən şəffaflıq tələb etmək hüququna malik olduğunu vurğulayıb. Qanun qəbul olunarsa, hansı təşkilatların xarici agentə çevriləcəyi məlum deyil.

 

Rusiya və Qərb nə deyir?

 

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstana Aİ-nin dəyərlərinə uyğun gəlməyən qanun layihəsinin qəbuluna qarşı xəbərdarlıq ediblər. Gürcüstan dekabr ayında Aİ-yə namizəd status əldə edib, lakin Aİ bildirib ki, gələcək irəliləyiş Tbilisinin islahatlarla daha da irəliləməsi ilə şərtlənir.

 

Rusiya Gürcüstanda “sabitlik və proqnozlaşdırıla bilənlik” istədiyini deyir, lakin qanunun qəbulu üçün qonşusuna təzyiq göstərdiyini inkar edir. Kreml deyir ki, qanun layihəsinin əleyhdarlarının bunu Rusiyanın layihəsi kimi qələmə verməsi absurddur. Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü deyib ki, Gürcüstandakı vəziyyətdən “anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq üçün” istifadə olunur və Kreml hadisələrin gedişini diqqətlə izləyir.

 

Ekspertlər deyir ki, etirazlar onsuz da qütbləşmiş ölkədə parçalanmanın dərinləşdiyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək