Modern.az

QHT sədrləri Agentliyin 3 illik işini belə qiymətləndirdilər

QHT sədrləri Agentliyin 3 illik işini belə qiymətləndirdilər

Aktual

19 Aprel 2024, 12:38

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasının 3 ili tamam olur. Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli fərmanına əsasən, "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxsi yaradılıb.


QHT-lər Agentliyin 3 illik fəaliyyətini necə qiymətləndirir?
 

Modern.az bununla bağlı bəzi QHT-lərin rəyini öyrənib.
 

"Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsi"nin sədri Çingiz Qənizadə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin əlçatan olduğunu bildirib:
 


"QHT-lərə Dövlət Dəstəyi Agentliyi, əslində, QHT-lərə Dövlət Dəstəyi Şurasının davamıdır. Sadəcə ad dəyişikliyi var. Biz QHT-lər olaraq uzun müddətdir ki, dövlətdən bəhrələnirik. QHT-lərə Dövlət Dəstəyi Agentliyi çox normal fəaliyyət göstərir, QHT-lərlə mütəmadi görüşlər, ictimai dinləmələr keçirir. Agentliyin əməkdaşları, rəhbərliyi əlçatandır. Lazımi məsələləri müzakirə edib ortaq məxrəcə gəlmək istəyən şəxs Agentliyin rəhbərindən tutmuş, ən siravi işçisinə qədər asanlıqla əlaqə saxlamaq imkanına malikdir. Dünən Agentliyin sədri Aygün Əliyeva ilə telefon əlaqəsi saxladım. Bu gün bir nümayəndəmiz Agentliyin əməkdaşı ilə görüşməlidir".


Çingiz Qənizadə deyib ki, QHT-lər Agentliyin fəaliyyətindən razıdır:


"QHT-lərə yaşamaq, ayaqüstə durmaq, eyni zamanda cəmiyyətin bəzi məsələlərdə maarifləndirilməsi istiqamətində fəaliyyət göstərmək üçün dövlətin maddi yardımı Agentlik vasitəsilə həyata keçirilir. Bu baxımdan da ara-sıra narazılıqlar yaranır. Lakin məsələyə diqqət yetirdikdə narazılıqların heç bir əsasının olmadığı ortaya çıxır. Qrantların udulması zamanı ayrı-ayrı şəxslər bu müsabiqələrdən kənarda qaldıqda qərəzli şəkildə informasiya yaymağa cəhd edirlər. Mən uzun illərin təcrübəli QHT rəhbəri, Agentliklə əlaqə saxlayan biri kimi bəzi müsabiqələrdən kənarda qalmışam. Amma bu, dərhal Agentliyin fəaliyyətini mənfi qiymətləndirməyə əsas olmayıb, olmamalıdır. Bizim kimi yüzlərlə QHT-lər Agentliyin fəaliyyəti ilə razıdır. Agentliyin bütün üzvlərini təbrik edir və onlara yeni-yeni uğurlar arzu edirəm".

 


“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov vurğulayıb ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ən şəffaf donor təşkilatlarından biridir:
 

"QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2008-ci ildə yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqi varisidir. Onun yaradılmasında məqsəd Azərbaycan dövləti tərəfindən milli QHT-lərə, vətəndaş cəmiyyətlərinə maddi, texniki yardımların edilməsidir. 3 il əvvəl təşkilatın hüquqi forması dəyişdirilib. Çünki əvvəlki qurumun təşkilatı strukturu bəlli deyildi. O qurum nə dövlət orqanı, nə də publik hüquqi şəxs idi. Ona görə də "QHT-lərə Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxsi yaradıldı. Agentlik əvvəlki qurumun yaxşı ənənələrini saxlayaraq, şəffaf şəkildə dövlət dəstəyini həyata keçirən qurum kimi fəaliyyət göstərir. Bəzən vəsaitlərin azlığı narazılıqlara səbəb olur. Ümumilikdə deyə bilərəm ki, layihələrin verilməsi, müsabiqəsi və qiymətləndirilməsi tam şəffaf şəkildə keçir. Azərbaycanın ən şəffaf donor təşkilatı olmaqla Agentlik vətəndaş cəmiyyətinin həhyatında çox böyük rol oynayır".

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli qeyd edib ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması zamanın tələbiydi:


"Keçmiş 10 illik təcrübəni təhlil etmək və idarəetmənin təkmilləşdirilməsi, eyni zamanda dövlət tərəfindən QHT-lərin irəli sürdüyü təklif, proqram və layihələrin maliyyələşdirilməsi zamanın tələbi idi. QHT-lərə dövlət dəstəyi siyasətinin Azərbaycanın milli inkişaf prioritetlərinə uyğunlaşdırılması üçün zərurət yaranmışdı. 10 illik təcrübənin təhlili yeni təşkilati hüquqi formalara keçidinin lazımlılığını göstərirdi. Yeni təşkilati hüquqi formalar həm idarəetmədə təkmilləşməyə, həm də çevikliyə nail olmağa imkan verəcəkdi. Eyni zamanda dövlət maliyyələşdirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qalxdı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…