Modern.az

Sərhədlərin delimitasiyasından sonra sülh müqaviləsi imzalanacaq

Sərhədlərin delimitasiyasından sonra sülh müqaviləsi imzalanacaq

Aktual

19 Aprel 2024, 23:45

“Ermənistanın öz xoşu ilə 4 kəndi qaytarması Azərbaycan üçün böyük uğurdur. Rusiya tərəfi bunu çox müsbət qarşılayır. Bunun sülh müqaviləsi yolunda ciddi addım olmasını vurğulamaq lazımdır”.
 

Bu fikirləri Modern.az-a açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib. 
 



“Rusiya isə yekun danışıqlarda iştirak etməlidir. Sərhədlərin tam delimitasiyasından sonra sülh müqaviləsi olacaq. Bunun Rusiya vasitəsi ilə olması tamamilə mümkündür. Son bir neçə gündə hadisələrin necə ardıcıl irəlilədiyini müşahidə edirik. Görünən odur ki, bu proseslər Rusiya ilə sülhə aparır. Növbəti mərhələ iki ölkə liderinin Rusiyada razılığa gəlməsi ola bilər. Qərb dövlətləri nə qədər regiondan uzaq olarsa, sülh daha yaxın olacaq”,-deyə o bildirib.

 

Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.


Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər.

 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

 

Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir