Modern.az

İlham Əliyevin növbəti diplomatik və siyasi QƏLƏBƏSİ

İlham Əliyevin növbəti diplomatik və siyasi QƏLƏBƏSİ

Aktual

19 Aprel 2024, 19:35

Bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Milli Məclisin deputatı Kamran Bayramov məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, 30 ildən artıq müddətdə Ermənistanın işğalı altında olan Qazax rayonunun qeyri-anklav kəndlərinin bir güllə atılmadan belə Azərbaycanın nəzarətinə qaytarılması təmin edilib:

 

"Xüsusuilə qeyd etməyə yerinə düşər ki, sərhədyanı kəndlərimizin geri qaytarılması ilə bağlı məsələnin təşəbbüskarı məhz Prezident, Ali Baş Komandan İlham Əliyev oldu. O vaxtdan bu istiqamətdə aktiv işlərə başlanıldı, bu gün isə biz ölkəmizin milli maraqlarını əks etdirən bu mühüm prosesin məntiqi yekunlaşmasının şahidi olduq.

 

Heç bir şübhə yoxdur ki, bu hadisə sərhədlərin delimitasiyası prosesinin bünövrəsini qoydu və onun ilk addımları məhz Qazax rayonunda atıldı, çünki Azərbaycan delimitasiyanın konkret olaraq strateji əhəmiyyət kəsb edən bu ərazidən başlanılmasını israrla tələb edirdi və tələbin yerinə yetirilməsinə nail oldu.

 

Avropa İttifaqı, ABŞ, Qərb ölkələri və dairələri delimitasiya prosesinə təsir göstərməyə çalışsalar da, Azərbaycan onların müdaxiləsinin qarşısını ala bildi. Nəticədə Azərbaycan və Ermənistan ortaq dil tapdılar və ortaya çıxan məsələləri müstəqil şəkildə həll etməyə qadir olduqlarını bir daha sübut etdilər. Artıq aydın görünür ki, Qərb adlanan “sülhməramlılar”, “vasitəçilər” Azərbaycan-Ermənistan dialoquna nə qədər az müdaxilə etsələr, Cənubi Qafqaza sülh və firavanlıq bir o qədər tez gələcək".

 

Deputat deyir ki, bu hadisə 2023-cü ilin sentyabrından sonra Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiya sülhməramlı kontingentinin ölkə ərazisindən çıxarılması da daxil olmaqla mühüm qələbələr silsiləsində yeni mərhələ oldu. İndi bu sıraya dörd Azərbaycan kəndi üzərində nəzarətin qansız, itkisiz qaytarılması da əlavə edilir. Biz bir daha şahidi oluruq ki, cənab Prezidentin planlaşdırdığı bütün təşəbbüslər və planlar dövlətimizin milli maraqları tam təmin edilməklə həyata keçirilir.

 

"Bütün dünya gördü ki, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması və müharibə planlarına malik olması ilə bağlı Fransanın və kollektiv Qərbin apardığı təbliğat darmadağın edildi. Artıq hamıya bəlli oldu ki, bu ittihamlar ölkəmizə qarşı yönəlmiş və reallıqla heç bir əlaqəsi olmayan çirkin oyunun və qərəzli təbliğat kampaniyasının tərkib hissəsindən başqa bir şey deyildi.

 

Bu hadisə, şübhəsiz ki, Azərbaycanın və onun Prezidenti İlham Əliyevin növbəti diplomatik və siyasi qələbəsi idi!", - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi