Modern.az

"Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir" - DEPUTAT

Aktual

21 Aprel 2024, 11:14

“Qazax rayonunun indiyədək işğal altında qalmış 4 kəndinin savaşsız geri alınması Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Hadisələrin bu axarda getməsi bir neçə vacib nəticələrə gəlmək imkanı yaradır. Birincisi, Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və 4 kəndin danışıqlar yolu ilə azad olunması Azərbaycanın haqlı tələbləri idi və hər ikisi yerinə yetirildi: “Bu, Azərbaycanın ərazidə söz sahibi statusunun daha bir təsdiqidir. İkincisi, bu məsələlərin dinc yolla tənzimlənməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin bağlanması üçün hər hansı 3- cü tərəfə ehtiyac yoxdur. Nə Qərb, nə Rusiya ikitərəfli danışıqlara müdaxilə etməsə bölgəyə sülhün gəlməsi daha tez baş tuta bilər”.

 

Deputat bildirib ki, sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi sonrakı proseslər də Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə aparılsa tezliklə Cənubi Qafqaz barış və qarşılıqlı əməkdaşlıq bölgəsinə çevrilə bilər: “Hadisələrin bugünkü gedişi onu göstərir ki, Azərbaycan bölgədə öz maraqlarını güdən və bu məqsədlə də sülh yaranmasına mane olmağa çalışan bütün kənar qüvvələrin təsirini neytrallaşdıra bilib və bütövlükdə bölgənin gələcəyi ilə bağlı öz siyasətini və planlarını sonadək həyata keçirmək əzmindədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi