Modern.az

“İlham Əliyev qeyri-mümkün olanı bir güllə atılmadan mümkün etdi” - Tanınmış QAZAXLILAR

“İlham Əliyev qeyri-mümkün olanı bir güllə atılmadan mümkün etdi” - Tanınmış QAZAXLILAR

Aktual

22 Aprel 2024, 11:10

Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Beləliklə, 1992-ci ildən bəri Ermənistanın işğalı altında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarılır.

Qazax rayonunda olan tanınmış şəxslər kəndlərin qaytarılması ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, hamı kimi o da çox sevinir:

“Bizim üçün Azərbaycanın hər bir guşəsi, nöqtəsi müqəddəsdir. Əsas məsələ ondan ibarətdir ki, Qazaxın 4 kəndi bir güllə atılmadan geri qaytarıldı. Bu, həm də sərhədin delimitasiyası üçün addımdır. Çox müsbət hadisədir, sevinirik. Sağ olsun, diplomatiyamız və Ali Baş Komandanımız”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə kəndlərin qaytarılması ilə bağlı bunları deyib:

 

“Əlbəttə, Qazaxın 4 kəndinin işğaldan azad olunması, geri qaytarılması bizim üçün sevindirici haldır. Uzun illər idi ki, həmin kəndlər işğal altındaydı. Həmin kəndlərin sakinlərinin böyük qismi elə Qazax şəhərində məskunlaşıblar. Ermənilər ilk qətliamı Xocalıdan öncə Bağanas Ayrımda törətmişdi. Orada bütöv bir ailə diri-diri yandırılmışdı. Hətta 40 günlük körpə yerə çırpılıb, oda atılmışdı. Evləri yandırmışdılar. Xocalıya gedən yol Bağanıs Ayrımdan başlayırdı. Bağanas Ayrımla bağlı kitablardan birini Qənirə xanım Paşayeva ilə yazmışıdq. Dünyanın bir neçə dillərinə də tərcümə olunub. O kəndlər işğaldan azad olunub. Sevinirik. Camaat uzun illər sonra öz kəndlərinə qayıdacaq. Həmin  kəndlər Qazaxın, Azərbaycanın ən dilbər guşələrndədir”.

 

Jurnalist vurğulayıb ki, tarixi ədalət bərpa olunub:

 

"Cənab Ali Baş Komandana, Azərbaycan Ordusuna qazaxlı, qələm əhli, azərbaycanlı türk olaraq minnətdarlığımızı bildiririk”.

 

Əslən Qazaxdan olan QHT rəhbəri Mübariz Göyüşlü sevincinin həddi-hüdudunun olmadığını deyib:
 

“Biz tarixi anları yaşayırıq. Buna görə şəhidlərimizə, onlardan yadigar qalan yaxınlarına, qazilərimizə ömürboyu borcluyuq. Azərbaycan dövlətinin ən güclü çağlarının möhtəşəm anlarını yaşayırıq. Mübariz Azərbaycan xalqı qəhrəmanlıq tarixi yazır. Təbii ki, bu uğurların başında müzəffər Ali Baş Komandan dayanır. Onun uğurlu siyasətinin nəticəsidir ki, bir güllə atılmadan rayonlarımızı, kəndlərimizi işğaldan azad edirik. Sevincimizin həddi-hüdudu yoxdur”.

 

 

M.Göyüşlü 4 kəndin qaytarılması ilə bağlı xəbəri elə Qazaxda olarkən alıb:


“Açıq danışmaq lazımdır ki, 30 ildən çox sürən işğal dövrü insanlarda ümidsizlik yaratmışdı. Torpaqların qaytarılmasına ümidsizlik vardı. Hətta bəziləri Qarabağın mütləq qayıdacağını düşünsə də, "Qazaxın kəndləri necə olacaq?" deyirdi. Lakin İlham Əliyev qeyri-mümkün olduğunu düşündüklərimizi mümkün etdi. Qazaxın 4 kəndi ilə bağlı xəbər yayılanda mən özüm rayondaydım. İnanın ki, insanların sevincinin-həddi-hüdüdu yoxdur. Qazaxlılar yaxşı mənada şok içərisindədirlər. Həmin kəndlərdən 30 ildən çoxdur ki, didərgin düşənlərin sevincinin həddi-hüdudu yoxdur. Belə bir dövlətin vətəndaşı olmaqdan qürurlu heç nə ola bilməz. Mən düşünrəm ki, yaxın vaxtlarda digər kəndlər də azad olunacaq, Zəngəzur dəhlizi də açılacaq. Hətta mən inanıram ki, Qərbi azərbaycanlılar da öz yurdlarına dinc şəkildə qayıda biləcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok