Modern.az

"Azərbaycan və Ermənistan arasında sülh yaxınlaşır"- Britaniyadan REAKSİYA

Aktual

22 Aprel 2024, 13:24

Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bu prosesi sülhün başlanğıcı kimi şərh edib.


“Sülh danışıqları sırf ikitərəfli xarakter daşıdığından vasitəçisiz bu addımların atılması tərəflər üçün böyük irəliləyişdir. Bundan əlavə, Rusiya özünün sülhməramlılarının Azərbaycan ərazisindən tezliklə çıxarılmasına razılıq verdiyinə görə, inanıram ki, sülh yaxınlaşa bilər. Mən həmişə hiss etmişəm ki, Paşinyan 2020-ci ildən bəri sülhün yeganə yol olduğunu bilir. Brüsseldə keçirilən sonuncu Avropa İttifaqı-ABŞ-Ermənistan görüşü heç bir fayda vermədi. Ermənistanın Qərbdən davamlı dəstəyi İrəvana müəyyən inam verir. Üstəlik, erməni əhalisinin və diasporunun böyük hissəsi sülhü dəstəkləmir. Bu baxımdan Ermənistan hakimiyyəti sülh naminə daxili autoriyanı sakitləşdirmək üçün çox çalışmalıdır. Sülh yaxınlaşır, amma hələ də əlçatmazdır”.
 

Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok