Modern.az

Bu, Azərbaycanın müstəqil xarici siyasi kursunun uğurudur

Bu, Azərbaycanın müstəqil xarici siyasi kursunun uğurudur

23 Aprel 2024, 17:16

Azərbaycan Prezidenti İlham Əliyevin Baykal Amur Magistralının ildönümü ilə əlaqədar Moskvaya işgüzar səfəri Cənubi Qafqazda reallıqların kökündən dəyişməsi fonunda Rusiya-Azərbaycan münasibətlərində nəzərə çarpan kifayət qədər ciddi keyfiyyət dəyişikliklərini nümayiş etdirir. Bu baxımdan, hər iki dövlət başçısının dialoqunda və çıxışlarında, Ermənistanın adının, ümumiyyətlə xatırlanmaması, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyindən danışılması diqqəti xüsusilə cəlb edir. Bu yanaşma, öz növbəsində Azərbaycan-Rusiya münasibətlərinin Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, sabitliyin qorunub saxlanılmasına mühüm və həlledici əhəmiyyət daşıdığını söyləməyə əsas verir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir: “Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərinin Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş verməsi və bu prosesin iki ölkə liderinin anlaşma və qərarı əsasında baş verməsi qarşılıqlı hörmət, etimad və yüksək siyasi mədəniyyətin, müasir dövrdə nadir hallarda rast gəlinən nümunəsi kimi qəbul olunmalıdır. Azərbaycan-Rusiya əlaqələrinin bugünkü yüksək səviyyəsi ölkəmizin qonşu dövlətlərlə etibarlılıq, qarşılıqlı faydalılıq prinsipləri əsasında münasibətlər qurmaq bacarığının təzahürüdür. Bu, həm də Azərbaycanın müstəqil xarici siyasi kursunun uğurudur. Ölkəmiz beynəlxalq hüququn bütün subyektləri ilə münasibətlərində, istisnasız olaraq, beynəlxalq hüququn norma və prinsiplərindən, milli maraqlardan çıxış edir, açıq və dürüst siyasət yürüdür. Qütblər arasında uğursuz manevrlərə cəhd göstərmir, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi nüfuzunu, ləyaqətini qoruyur, regional və qlobal sülhə töhfə verən təşəbbüslərlə çıxış edir”.

 

Azər Kərimli Azərbaycanla Rusiya arasındakı yüksək siyasi münasibətlərin digər istiqamətlərdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın inkişafına da müsbət təsir göstərir: “Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub”.

 

Deputatın qənaətinə görə, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalılıq, ortaq maraqlar və yaxın qonşuluq prinsipləri əsasında inkişaf edir və hər iki ölkənin mənafeyinə cavab verir: “Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyini, siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bir daha təsdiqləyir, Azərbaycan-Rusiya əməkdaşlığında yeni və daha mühüm bir mərhələnin başlandığından xəbər verir.
Bu mərhələ hər iki ölkənin maraqlarına cavab verən yeni iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə müşayiət oluna bilər. Hər iki ölkənin iqtisadi potensialı Cənubi Qafqazın və daha geniş subregionun təhlükəsiz, xarici müdaxilələrə qapalı və daim inkişafda olan bir regiona çevrilməsi üçün bütün lazımi çağırışlara cavab verir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok