Modern.az

Azərbaycanla Başqırdıstan arasında 2 sənəd imzalandı

Azərbaycanla Başqırdıstan arasında 2 sənəd imzalandı

Aktual

24 Aprel 2024, 13:42

Bu gün Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes- forumu çərçivəsində Azərbaycanın Sərgi Təşkilatçıları Assosiasiyası ilə Başqırdıstanın Sərgi Şirkəti, Azərbaycanın “MT Group”u ilə Başqırdıstanın "Başınkom" şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, imzalanma mərasimində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı qeyd edib ki, biznes-forumun əsas məqsədi Azərbaycan ilə Başqırdıstan arasında qeyri-neft sektorunun inkişafına nail olmaqdır.

 

T. Hacılı vurğulayıb ki, AZPROMO fəaliyyətində Rusiyanın subyektlərinə xüsusi diqqət ayırır, ölkənin müxtəlif regionları ilə birgə işgüzar tədbirlər keçirir, o cümlədən agentlik tərəfindən mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, Rusiyada keçirilən sərgilərdə yerli sahibkarların iştirakına dəstək göstərilir.

 

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, logistika, konsaltinq, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. Belə ki, tədbirdə Azərbaycanla qarşılıqlı faydalı ticarət və investisiya tərəfdaşlığının potensialı yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin genişləndirilməsinə dair mövcud perspektivlər qeyd edilib.

 

Biznes-forum B2B formatda görüşlərlə davam edib. Hər iki tərəfdən görüşdə iştirak edən iş adamları əlaqələr qurmaq və əməkdaşlıq etmək barədə danışıqlar aparıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok