Modern.az

İranda qadınlar hicabdan qurtulacaq

İranda qadınlar hicabdan qurtulacaq

Aktual

11 May 2024, 13:55

İran Konstitusiyası qadınları zorla hicablanmağa məcbur edir. Lakin son dövrlər, xüsusilə də "Məhsa Əmini hadisəsi"ndən sonra iranlı qadınlar mövcud vəziyyətlə barışmır və rejimə etiraz olaraq hicab qaydalarına əməl etmirlər.

Bəs qadınlar İran rejiminə tam qalib gələ biləcəkmi? Proses necə yekunlaşacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili vurğulayıb ki, İranın Konstitusiyasının dəyişilməsinə ehtiyac var:


"Qadınların dövlətin istədiyi kimi geyinməsi İran parlamentində təsdiq olunub, Konstitusiyaya daxil edilib və rəsmi Tehranın əsas prinsipinə çevrilib. Ona görə də vəziyyətin dəyişməsi üçün Konstitusiyanın dəyişməsi lazımdır. Bu bir yana, İran rejimi ideologiyasından əl çəkməlidir. Qadınların bu cür geyinməsi molla rejiminin quruluş fəlsəfəsi, manifestosunda mənimsədiyi prinsipdir. Bütün bunlardan sistem əl çəkməlidir. Bu da çox çətin prosesdir. Çünki bu vəziyyətdə qadınların geyimi məsələsindən çox sui-istifadələr edilir".

M.Mehdili mübarizənin davamlı olacağını deyib:


"Təbii ki, mübarizə olacaq. Qadınların etirazı davamlı olacaq. Bu, "başı açmaq və ya örtmək məsələsi" deyil, "insanın necə geyinməsi onun öz hüququdur" məsələsidir. Mübarizə davam edir, amma Konstitusiyada ciddi dəyişikliklər olmayacağın, hökumətin geri addım atmayacağına inanmıram".


Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz bildirib ki, İranda qadın azadlığı məsələsi yeni deyil:
 

"Qadın azadlığı uğrunda mübarizə Cənubi Azərbaycanda, İran adlanan ölkədə yeni deyil. Cənubi Azərbaycanlı qadın aydınımız, ziyalımız Tahirə Qürrətüleyni hamı tanıyır. O, 200 il bundan əvvəl qadın azadlığı uğrunda mübarizəyə başlayıb, bu yolda da canını qurban verib. Yəni irtica rejimindən qurtulmaq üçün insanlar illərdir mübarizə aparırlar. Bu mübarizənin müasir, modern formasını da son illər biz görürük. Əslində, qadın azadlığı məsələsi Cənubi Azərbaycanda həm də cəmiyyətin etirazının bir nümunəsidir. Cənubi Azərbaycanda tək qadınlar yox, hətta bələkdəki uşaqlar da faşizmin əsarətindədir. Onların da imkanı olsa, faşist rejiminə etiraz edərlər. Yəni təsəvvür edin ki, irtica hakimiyyəti bütün sahədə və yaşda insanları əsarat altında saxlayıb. Buna görə də qadın azadlığı məsələsi cəmiyyətin külliyyətinin, övladarı böyüdən, evləri quran anaların etirazıdır. Mən hətta başqa formada deyərdim ki, ana dillərinin etirazıdır. Çünki İrandakı xalqların hamısının dilləri qadağandır, onların milli kimlikləri asimilyasiyaya uğrayıb".

S.Aruz İranda qadın azadlığı uğrunda son etirazlarda azərbaycanlıların, türklərin də aktiv olduğunu qeyd edib:
 

"Şimali Azərbaycanın və dünyanın görmədiyi məqamlar var. Son etriazlarda Bəlucistan və ərəb bölgəsində qadınların etirazının o qədər də şahidi olmadıq. Əsas etirazlar azərbaycanlıların və türklərin yaşadığı ərazilərdə oldu. Bura İsfahandan Məşhədə qədər olan ərazilər aiddir. Tehranı da demək olar. Tehranın əhalisinin 80 faizi azərbaycanlılardır, türklərdir. Bu, əslində illərdir ki, davam edən milli mübariməzin qadınlarımızın mübarizəsinə çevrilməsini göstərir. Bizim cəmiyyətin haradasa, 60 faizini qadınlar təşkil edir. Molla hakimiyyəti din pərdəsi arxasında qadınları meydandan kənarlaşdırırdı. Mübarizəyə ancaq kişilər qoşulurdular. Kişilər isə həm də evin pul gətirənidir. İşləməyəndə, həbsdə olanda təbii ki, ailə də çörəksiz qalır, imkandan düşür. Ona görə də qadınlar da varlıqlarını sipər edib, kişilərlə bərabər mübarizəyə qatıldılar. Artıq Cənubi Azərbaycan da İran molla rejiminə etiraz edən cəmiyyətin bütövlüyüdür".
 

Güneyli yazar qadınların mübarizələrində qalib gələcəyinə inanır:
 

"Mən düşünürəm ki, qadınlarımız, bəylərimiz, bütöv cəmiyyətimiz İran rejiminə qalib gələcək. Cəmiyyətin inkişafının qarşısını almaq olmaz. Bu inkişaf da pərdələri, divarları yırtmaqla, dağıtmaqla mümkündür. Heç kəs məhbəs divarları arasında inkişaf edə bilməz. Məhbəs mütləq dağıdılmalıdır. İran bütün cəmiyyətlərin zindanına çevrilib. Bir gün o divarlar sökülüb, pərdələr yırtılacaq. İnsanlar azadlıqlarına qovuşacaqlar. İrandakı cəmiyyətlərin azadlığı bütün dünyanın azadlığıdır. Dünya belə bir virusdan, xərçəngdən xilas olacaq". 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi