Modern.az

İrəvan və Bakı delimitasiya üçün niyə 1976-cı il xəritələrini əsas götürüb? - AÇIQLAMA

İrəvan və Bakı delimitasiya üçün niyə 1976-cı il xəritələrini əsas götürüb? - AÇIQLAMA

Aktual

16 May 2024, 09:22

Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları mayın 15-də Qazaxın 4 kəndinə dair protokol imzalayıb.

Delimitasiya komissiyalarının birgə press-relizdə bildirilib ki, Protokol sərhəd xəttinin birbaşa Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı yaşayış məntəqələri arasında olan hissələrini müəyyən edir. Tərəflər yerdəki geodeziya ölçmələri əsasında koordinatları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun dəqiqləşdiriblər.
Dəqiqləşdirilmiş yerlərdə sərhəd dirəkləri quraşdırılıb. Bu koordinatlar yuxarıda qeyd olunan 1976-cı il xəritələrindən götürülüb. Beləliklə, bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, protokol imzalanıb və bu ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır.

Bəs nə üçün delimitasiya komissiyalarının press-relizində deyildiyi kimi, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı il xəritələri seçilib?

Modern.az xəbər verir ki, Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Sərhədlərin delimitasiyası məsələləri üzrə Ermənistan və Azərbaycan komissiyalarının mayın 15-də dərc olunmuş bəyanatı ilə bağlı medianın suallarını cavablandırıb.

Bildirilib ki, 1976-cı il xəritələri SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritədir.

Qeyd edilib ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmayıb, lakin SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhəd bərpa edilib.

Ermənistan mediası Baş Nazir Aparatından “nə üçün məsələn, 1990-cı il xəritələri deyil, məhz 1976-cı il xəritələri əsas götürülüb” sualına cavab istəyib.

Baş Nazir Aparatından bildirilib ki, 1979-cu ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı 1976-cı il xəritələrinin düzgünlüyünü və hüquqi əsaslarını yoxlamışdı. Bu xəritələt Sovet İttifaqı dağılana qədər istifadə olunub. Bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir.

Baş Nazir Aparatı Tavuş rayonunun Kirants kəndində bütün sərhəd dirəklərinin quraşdırılmamasına və buradakı mübahisəli ərazilərin məsləsinin necə həll olunduğuna dair suala da cavab verib.

Bilidirilib ki, Kirants ərazisində üç koordinat kompüter vasitəsilə müəyyən edilib, dirəklər daha sonra quraşdırılacaq.

Baş Nazir Aparatından deyilib ki, Kirantsda sərhədin təsviri tam olaraq 1976-cı il xəritəsində göstərildiyi kimidir. Qeyd olunub ki, son 33 ildə Kirants üçün əlçatmaz olan təxminən 25 hektar kənd təsərrüfatı sahəsnə giriş mümkün olacaq.

Kirantsda yolun dəyişdirilməsi probleminin olduğunu etiraf edən Ermənistan Baş Nazir Aparatı alternativ yol çəkiləcəyini bildirib. Hökumət mülkiyyət itkilərinin həcminin böyük olmayacağını və bütün belə hallarda vətəndaşların dəymiş ziyanın dövlət tərəfindən maliyyə vəsaiti hesabına ödənəcəyinə söz verib.

Hökumət nümayəndələri bu gün səhər saatlarından Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.

Baş Nazir Aparatı bildirib ki, əsas həssas məsələlərdən biri Voskepar kəndindəki kilsə, SSRİ dövründən mövcud olan Voskepar-Bağanis yolu ilə bağlı idi.

“Hər iki problem həll edilib. Yol və kilsə bütünlüklə Ermənistan Respublikasının ərazisində yerləşəcək və sərhəd xətti həm yoldan, həm də kilsədən kifayət qədər uzaqdan keçəcək”, - rəsmi açıqlamada deyilib.

Bəs razılaşdırılmış sərhəddə hər iki tərəfin sərhədçiləri nə vaxt yerləşdiriləcək?

Rəsmi məlumata görə, bu, yaxın 8-9 gündə baş verəcək.

Baş Nazir Aparatı Ermənistan cəmiyyətini əmin edib ki, sərhədin delimitasiyası ölkənin və ya hər hansı bir bölgənin təhlükəsizliyinə təhdid ola bilməz:

"Əksinə, bu, təhlükəni neytrallaşdırır. Alma-Ata Bəyannaməsi əsasında sərhədin bərpası prosesi digər yerlərdə də eyni məntiq və eyni prinsiplərlə davam etməlidir".

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi