Modern.az

DSX Akademiyasının növbəti buraxılışı keçirilib

DSX Akademiyasının növbəti buraxılışı keçirilib

Aktual

16 May 2024, 14:58

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

 

Xidmətin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirdə mərasim iştirakçıları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Akademiyanın Döyüş Bayrağı sıra meydanına gətirilib və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir-birinin ardınca möhtəşəm Zəfər qazandığını, döyüş meydanında, xüsusi əməliyyatlarda Silahlı Qüvvələrin gücünü, qüdrətini, sarsılmazlığını və vətənə bağlılığını nümayiş etdirdiyini qürur hissi ilə vurğulayıb.

 

Bildirilib ki, bu gün sırada dayanan məzunlar ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunandan sonra zabit rütbələrini alan ilk Azərbaycan vətəndaşlarıdır.

 

Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsil, onların vətənə bağlılığı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacaq və daim zabit andına sadiq qalaraq Vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.

 

Milli dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində komandir və pedaqoji heyətinin xüsusi rolu olan bu ali təhsil müəssisəsində əcnəbi vətəndaşların da təhsil alaraq 5 illik zabit hazırlığı kursunu uğurla başa çatdırmaları DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin bariz nümunəsi olduğu qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhədçi adına layiq görülən məzunları təbrik edib, onların valideynləri ilə görüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi