Modern.az

Prezident Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR

Prezident Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR

17 May 2024, 14:14

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar.

 

Modern.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.

 

Muzey barədə məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

 

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, sovet dövründə Heydər Əliyevin göstərişinə əsasən burada Bülbülün muzeyi yaradılıb. Atam SSRİ-nin Xalq artisti, ümumittifaq mükafatları laureatı olub.

 

Prezident Aleksandr Lukaşenko: Bilirəm, mənə artıq bu barədə deyilib.

 

Polad Bülbüloğlu: Təsəvvür edirsiniz, belə bir vandallıq törədilib və güllələr heykəlin çənə hissəsində qalıb.

 

Prezident Aleksandr Lukaşenko: İkonalara və heykəllərə atəş açanlar vəhşidirlər.

 

Polad Bülbüloğlu: Onlar bizim görkəmli şairəmiz Natəvanın, bəstəkarımız Üzeyir Hacıbəylinin heykəllərini sürüyə-sürüyə aparmışdılar, daha sonra Heydər Əliyev bununla bağlı lazımi tədbirlər gördü, onları geri qaytarmağa nail oldu. Sonra İlham Heydər oğlu onları gətirdərək öz yerlərinə qoydurdu. Xudmani evdir. Bu evdə mənim atam anadan olub. Evin divarlarının qalınlığına baxın. Divarlar qalın olduğuna görə, ev qışda isti, yayda sərin olur. Burada ötən illərin xatirələri toplanıb. İnsanlar bax, belə yaşayıblar. Bu, sadəcə, etnoqrafik nöqteyi-nəzərdən də maraqlıdır.

 

Prezident İlham Əliyev: Fotoşəkillərdə həmin dövrün ruhu əks olunub.

 

Polad Bülbüloğlu: Baxın, bu qardaşımdır, bunlar isə qohumlardır. Bu şəkildə isə atam 7-8 yaşındadır, onu artıq şənliklərə mahnı oxumağa dəvət edirdilər. Həmin məclislərdən sonra o, müğənnilik etməyə başlayıb. Daha sonra onu Gəncəyə dəvət edirdilər. Sonra isə Tbilisiyə. Beləliklə, o, çox məşhur müğənni oldu. Burada biz beş dildə yazılmış belə bir lövhə hazırlamışıq. Atama mərkəzi küçədə abidə ucaltmışıq.

 

Prezident İlham Əliyev: Onun adını daşıyan küçədə.

 

Polad Bülbüloğlu: Aleksandr Qriqoryeviç, qeyd etmək istərdim ki, 1926-cı ildə Bakıda artıq rus dilində afişalar var idi. Bu, bizim dahi bəstəkarımız Üzeyir Hacıbəylidir. Bu şəkildəki isə başqa bir məşhur Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğludur, o, 80 yaşına qədər zil səslə oxuyub. O, məşhur xalq mahnılarının və muğamlarının bilicisi olan bənzərsiz insan idi. Bu abidə İlham Heydər oğlunun sayəsində Bakıda onun xatirəsini yad etmək məqsədilə ucaldılıb. Baxın, burada elə soyadlar var ki, onların hamısını bütün dünya tanıyır, hətta onlar Bülbül haqqında xoş sözlərini ifadə ediblər. Budur, Şostakoviç, Rostropoviç və dünyada məşhur olan digər incəsənət xadimləri.

 

Prezident İlham Əliyev: Stanislavski.

 

Polad Bülbüloğlu: Bəli, Stanislavski. Onlar sovet dövrünün elitası idi. Bu isə yeri gəlmişkən, atamın Böyük Teatrda 1959-cu ildəki sonuncu çıxışıdır. Moskvada Azərbaycan dekadası keçirilirdi. Bu isə xalq qəhrəmanımız Koroğlunun obrazıdır. O vaxt Heydər Əlirza oğlu da çıxışlarının birində qeyd etmişdi ki, biz Koroğlu deyəndə gözlərimizin önünə Bülbül gəlir, Bülbülün adı çəkiləndə isə mütləq gözlərimizin önündə böyük xalq qəhrəmanımızın obrazı canlanır.

 

Bu isə çox nadir əl yazısıdır, mən belə deyərdim, Heydər Əliyevin avtoqrafına tez-tez rast gəlmək mümkün olsa da, İlham Heydər oğlunun anası Zərifə Əziz qızı Əliyevanın imzası olduqca nadirdir. Çox gözəl əl yazısıdır. Onlar Bülbülün ev-muzeyində ayrı-ayrı vaxtlarda olsalar da, hər ikisi öz xatirə yazısını qeyd etməyi unutmayıblar və mən hər zaman İlham Heydər oğluna deyirəm ki, biz bu yazıları göz bəbəyimiz kimi qoruyuruq. O, hər zaman mənə və Müslümə (Maqomayev – red.) himayədarlıq edib. Eləcə də, yaradıcılıqla məşğul olmağa başlayan hər kəsə kömək göstərib. Özü fortepianoda çox gözəl ifa edirdi. Mən canlı şahidiyəm, Zərifə xanım ifa edirdi, Heydər Əlirza oğlu isə oxuyurdu.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?