Modern.az

Partiya rəsmilərinin hökumət nümayəndəsilə görüşdən TƏƏSSÜRATLARI

Partiya rəsmilərinin hökumət nümayəndəsilə görüşdən TƏƏSSÜRATLARI

Aktual

17 May 2024, 17:13

Ötən gün Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Seçki Kommisyası, Hesablama Palatası, Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edib.

Modern.az görüşdə iştirak edən siyasi partiyaların təəssüratlarını öyrənib.


Saytımıza açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, tədbirdə yeni qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanunun tətbiqindən sonra yaranmış situasiya müzakirə olunub:

“Partiyaların fəaliyyətinə və siyasi proseslərdə iştirakına mane olan nüanslarla bağlı məsələlər qaldırıldı və müzakirə edildi. Milli məsələlərdə siyasi həmrəyliyi və ölkəmizdə siyasi institutlaşmanı inkişaf etdirmək baxımından belə görüşlərin keçirilməsi təqdirəlayiqdir.

Bütün hallarda iqtidar geosiyasi mənzərəni qiymətləndirməyi bacaran, iqtisadi proseslərin nəbzini tutan, cəmiyyətə təsir imkanları olan ağıllı müxalifətin təklif və tövsiyələrindən bəhrələnəcək. Ona görə də müxalifətin məhz belə bir obrazı ortaya qoyması vacibdir. Əks halda, iqtidar siyasi təfəkkürü olmayan müxalifətin səhvlərinə istinad edərək fəaliyyətini tənzimləyəcək və ömrünü uzadacaq. Bu isə müxalifətin qarşısında duran missiyanı yerinə yetirə bilməməsi və dövlətin idarə olunması prosesindən kənarda qalması deməkdir”.

M.Rəhimli dünənki görüşdən çıxardığı nəticəni də bölüşüb:

“Dünənki tədbirdən çıxan nəticə belə oldu ki, iqtidar və müxalifət bir-birinə artıq düşmən kimi deyil, dövlətin və cəmiyyətin problemlərinin həllində müttəfiq kimi baxmalıdır. Xalqımız da siyasi düşərgədən qarşılaşdığı çoxsaylı problemlərin həllinə obyektiv baxış, real həll yolu və nikbin siyasi münasibət gözləyir”.


Milli Xalq Cəbhəsi Partiyasının sədri, deputat Razi Nurullayev dünənki görüşdə çıxış edib.

Bildirib ki, bu konfrans siyasi partiyaların işlərini düzgün qurması, qanunvericiliyin tələblərinə əməl etməsi və cəmiyyətdə siyasi mədəniyyətin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. 

Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" yeni qanunun tətbiqi  ölkəmizin demokratik inkişafı və siyasi sistemimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

"İnanıram ki, yeni qanunun tətbiqi siyasi partiyaların fəaliyyətində şəffaflığı, hesabatlılığı və demokratik prinsiplərə riayət etməni təmin edəcək və vətəndaşlarımızı siyasi proseslərdə daha fəal iştiraka səsləyəcək".

R.Nurullayev bildirib ki, ölkədə siyasi partiyalara qarşı oturuşmuş mənfi stereotipləri qırıb atmaq lazımdır.

"Müəyyən qrup adamlar, o cümlədən vəzifəli şəxslər və ayrı-ayrı qurumlar tərəfindən digər siyasi partiyalara qarşı qısqanclıq və qəbuletməmə meyilləri hiss olunur. Onlar üçün ölkədə bir partiya var və qalanlarını təqdim etmək və qəbul etmək olmaz sanki. Ümid edirəm ki, bu sahədə də stereotiplərin qırılması üçün addımlar atılacaqdır”.
 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn görüşlə bağlı fikrini belə ifadə edib:

"Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatından keçən 26 siyasi partiyadan 25-nin nümayəndəsi təmsil olunurdu. Çıxışlar tədbrin konkret mövzusu ilə yanaşı, ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektrini əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi. Mənim rəyimə görə, istər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu”.


Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə tədbirdə çıxış edə bilmədiyini, belə bir imkanı olacağı təqdirdə söyləyəcəklərini bölüşüb:

“Öncə Prezident Administrasiyasının müvafiq şöbəsinə maraqlı tədbir təşkil etdiyi üçün təşəkkür edirəm, ümumiyyətlə belə tədbirlər çox faydalıdır.

İştirakçı sayı çox, vaxt isə məhdud idi, təəssüf ki, vacib məsələyə görə mən tez çıxmalı oldum.

Söz alıb danışsaydım, əsasən siyasi partiyaların üzvlük haqqı məsələsini önə çəkəcəkdim, bu sahədə ciddi problemlər var. Qanun dəyişib deyə, üzvlük haqqını praktiki olaraq yığmaq mümkün deyil. Nəzəri yolları var, amma praktiki tədbiqi çox çətinləşdirilib. Amma hamı üçün yox – YAP-ın 2023-cü il son maliyyə hesabatında qeyd olunub ki, il ərzində üzvlərdən 29 mln. 674 min 281 manat üzvlük haqqı yığılıb. Son rəsmi məlumata görə,  YAP-ın 730 354 nəfər üzvü var. Deməli, il ərzində hər bir üzv ortalama 40 manat 63 qəpik, ayda isə 3 manat 38 qəpik üzvlük haqqı ödəyib. Qanun deyir ki, üzvlər ancaq köçürmə yolu ilə, bank vasitəsi ilə ödəniş edə bilərlər. Başqa partiyanın üzvləri ayda, məsələn, 2 manat ödəmək üçün gərək fiziki olaraq banka getsinlər, bütün rekvizitləri doldursunlar, şəxsi məlumatlarını təqdim edib ödənişi etsinlər – bu çox çətin və praktiki olaraq səmərəsiz üsuldur. Amma YAP üzvləri üçün sistem qurulub – istənilən YAP üzvünün maaşından avtomatik olaraq üzvlük haqqı tutulur və YAP-ın hesabına köçürülür, onların banka getməsinə, bu çətin prosedurlardan keçməsinə ehtiyac qalmır.

Yaxşı, tutalım, REAL üzvü öz iş yerində mühasibatlığa ərizə ilə müraciət etsə ki, hər ay mənim maaşından 2-3 manat tutub REAL-ın rəsmi hesabına köçürün, görəsən bunu edəcəklərmi?! İnanmağım gəlmir...

Siyasi partiyaları üzv və tərəfdarları maliyyələşdirməlidir, bunu asanlaşdırmaq daha məntiqlidir.

REAL ölkədə ilk dəfə üzvlük haqqını mobil tətbiq üzərindən ödəmək üçün onlayn platforma hazırladı, Mərkəzi Bank və digər dövlət-hökumət qurumları tam şəffaf olan bu üsula icazə vermədi.

Ölkədə siyasi rəqabət üçün qeyri-bərabər imkanlar var, bunun üzərinə də maliyyə mənbələrini məhdudlaşdıracaq addımları gələndə, fəaliyyət meydanı daha da daralır, bu isə ölkədə keyfiyyətli, ideoloji əsaslı siyasi diskursun yaranmasını çətinləşdirir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi