Modern.az

"Bu görüş hakimiyyətin demokratiyanın dərinləşdirilməsində maraqlı olduğunu göstərir"

Aktual

20 May 2024, 12:17

Ötən həftə Prezident Administrasiyasında  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Seçki Kommisyası, Hesablama Palatası və Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edib.

 

Görüşlə bağlı Modern.az-a danışan Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Mirəzadə bildirib ki, siyası partiyaların Prezident Administrasiyasında görüşü diqqətçəkən olub.

 

O qeyd edib ki, mayın 16-da Prezident Administrasiyasında Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri ilə partiyalarla işləyən dövlət qurumlarının nümayəndələrinin görüşü diqqəti cəlb edən hadisə olub.

 

"Azərbaycan dövləti siyasi partiyaların qanun çərçivəsində fəaliyyəti üçün şərait yaradılmasında çox maraqlı olduğunu bir daha göstərdi. Tədbirdə bir daha onların fəaliyyəti üçün hüquqi əsaslar, texniki problemlərin həlli barədə onlara məlumat verildi. Eyni zamanda onların fəaliyyətlərində yaranan problemlər səsləndirildi. Bir daha məsələlərə aydınlıq gətirildi", - o qeyd edib.

Deputat bildirib ki, bu görüş Azərbaycan hakimiyyətinin demokratiyanın dərinləşdirilməsində, siyasi partiyaların rolunun artmasında maraqlı olduğunu göstərir:

 

"Siyasi partiyalara qanunla müəyyən olunan bütün məsələlər dövlət tərəfindən yerinə yetirilir. Siyasi partiya sisteminin formalaşması, onun cəmiyyətdə özünə layiq yer tutması dövlətçiliyimizin möhkəmlənməsi, insanların hüquq və azadlıqlarının təmin edilməsində olduqca böyük rol oynayır. Fikir müxtəlifliyi, sağlam rəqabət, demokratik seçkilər ilk növbədə dövlətçiliyimiz üçün vacibdir. Müstəqillik  demokratiya, hüququn aliliyi ilə fərqli fikirlərin mübarizəsi ilə daha da güclü olur. Bundan sonra da belə görüşlərin keçirilməsi siyasi partiyaların hamısının Azərbaycan xalqının milli maraqlarının qorunmasında iştirakını təmin edir. Görüşdə iştirak edən siyasi partiyaların dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində birgə fəaliyyətinə mane olmur. Əksinə bu fərqlilik dövlətimizi, cəmiyyətimizi möhkəmləndirir və ortaya çıxan məsələlərin həllinə kömək edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi