Modern.az

Yenidən dirçələn Şuşa qəhrəmanlığın, zəfərin, sülhün rəmzinə çevrilir

Yenidən dirçələn Şuşa qəhrəmanlığın, zəfərin, sülhün rəmzinə çevrilir

Aktual

18 May 2024, 14:22

Mayın 10-da Qarabağın taçı Şuşa şəhərində keçirilən növbəti tarixi hadisəyə şahidlik etdik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşblər. 32 ildən sonra doğma Şuşalarına qovuşan ilk sakinlərlə görüşən Prezident İlham Əliyev çıxış edərək bir sıra məqamlara toxunub və mühüm mesajlar verib.

 

Görüşdə ölkə başçısı qeyd edib: «32 ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim».

 

Dövlət bura köçmüş sakinlərlə görüşündə onu da bildirib ki, işğal dövründə Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”

 

Dövlətimizin başçısı çıxışı zamanı onu da vurğuladı ki, savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən formalaşan Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. «Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdir»,-söyləyən Qalib Komandanımız bu sözləri söyləməklə uydurduqları miflərə, işğal etdikləri torpaqlarda daimi qalacaqlarına inanan ermənilərə, işğalı əbədiləşdirməkdə israrlı olan havadarlarına çatdırdı ki, 44 günlük Vətən müharibəsində Zəfərimiz şanlı tariximizdir.

 

Mayın 10-da Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Bir sözlə, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Dövlət başçımızın söylədiyi kimi, buraya qayıdacaq keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə əbədi yaşamağa qayıdırlar və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

 

Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı