Modern.az

"Kokain" və "ekstazi" satmaq istəyən şəxs tutuldu

Aktual

18 May 2024, 14:35

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, keçirilən tədbirlər nəticəsində həmin şəxs - 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsir edən maddələr olan 64 ədəd "lirika", 50 ədəd "ekstazi" həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan "banzay" aşkar olunub.

 

F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi