Modern.az

ADU-da Çinlə bağlı seminar - FOTOLAR

ADU-da Çinlə bağlı seminar - FOTOLAR

Aktual

18 May 2024, 22:49

Azərbaycan Dillər Universitetində (ADU) “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda elmi seminar keçirilib. Tədbir ADU-nun beynəlxalq münasibətlər kafedrası və Siyasi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

 

Modern.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao seminarda çıxış edib. O, Tayvan məsələsinin tarixindən və Çinin mövqeyindən söhbət açaraq deyib: “Tarixi faktlar nöqteyi-nəzərindən Tayvan ta qədimdən Çinin ayrılmaz hissəsi olub və heç vaxt müstəqil ölkə olmayıb.

 

Tayvan boğazının hazırda bölünməsi ötən əsrin ortalarında Çində vətəndaş müharibəsi nəticəsində qalan yalnız tarixi məsələdir. Hüquqi sənədlər baxımından, 1971-ci il oktyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı sessiyasının qəbul etdiyi 2758 nömrəli qətnamədə aşkar və səhvsiz bunlar elan edilir: Çin Xalq Respublikasının bütün hüquqlarını bərpa etmək və Tayvanın nümayəndələrini BMT-də və onun bütün orqanlarında qanunsuz tutduqları hər yerdən dərhal qovmaq qərara alınıb. O vaxtdan Çinin BMT-də təmsil olunması məsələsi siyasi, hüquqi və prosedur baxımdan birdəfəlik həll olundu. BMT Katibliyinin rəsmi hüquqi qərarında aşkar göstərilib ki, “Tayvan Çinin əyaləti olaraq müstəqillik statusuna sahib deyil”. Xalqın iradəsi baxımından, Tayvan məsələsinin həlli və Vətənin yenidən tam birləşməsi Çin millətinin bütün oğul və qızlarının ortaq səyləridir. Bizim “Vahid Çin” prinsipi üzrə mövqeyimiz ardıcıldır, qətidir və dəyişməzdir.

 

Çinin tam birləşməsinin tarixi prosesini dayandırmaq mümkün deyil. Tayvan boğazında vəziyyət gərgin olaraq qalmaqdadır, belə ki, Tayvanın Demokratik Tərəqqi Partiyasının başçılıq etdiyi hakimiyyət orqanları “Vahid Çin” prinsipi ilə razılaşmaqdan imtina edir, Tayvan boğazının iki tərəfinin vahid Çinə mənsubluq status-kvosunu dəyişməyə çalışır, Tayvanın tarixini saxtalaşdırır və onun köklərini parçalayaraq “iki Çin” və “bir Çin, bir Tayvan” ssenarilərinin həyata keçirirlər. ABŞ-da bəzi qüvvələr Çinin dirçəlməsini dayandırmağa çalışır, “Tayvanın müstəqilliyi”nə tərəfdar olan qüvvələrin inkişafını təşviq edirlər. Həmçinin “Vahid Çin” prinsipini şübhə altına qoyur, beynəlxalq münasibətlərin əsas normalarını, Tayvan boğazında sülh və sabitliyi ciddi şəkildə pozurlar. Tayvan məsələsi müstəsna şəkildə Çinin daxili işidir, köklü maraqlarının əsasını təşkil edir, Çinin toxunulmaz qırmızı xəttidir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin dediyi kimi, “Heç kim Çin xalqının güclü əzmini və möhkəm iradəsini, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq qabiliyyətini qiymətləndirməməlidir! Çinin tam birləşməsi tarixi məsələsi həyata keçməlidir və sözsüz ki, həyata keçiriləcək!”. “Vahid Çin” prinsipi – bu, beynəlxalq icmanın ortaq anlayışı və Çinin diplomatik münasibətlər qurduğu bütün ölkələrlə ikitərəfli əlaqələrinin siyasi təməlidir. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 32 il ərzində Azərbaycan tərəfi həmişə “Vahid Çin” prinsipini dəstəkləyir və “Tayvanın müstəqilliyi”nə qarşı çıxış edir.

 

Bu ilin əvvəlində Tayvan regionunda qondarma seçkilər günü Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilk vaxtlar bəyanatla çıxış edərək, seçkiləri qınadı və Çin tərəfinə dəyərli siyasi dəstək göstərdi. Bir neçə gün bundan əvvəl Çin nümayəndə heyəti ilə yüksək səviyyəli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda qeyd edilən ədalətli mövqeni təsdiqlədi və Çinə onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi işində tam dəstəyini ifadə etdi. Çin buna görə səmimi-qəlbdən minnətdardır və öz növbəsində, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyi davam etdirəcək”.

 

Sonra ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Tayvan məsələsinə və Tayvan boğazının hər iki sahili arasındakı münasibətlərə, Tayvan probleminin və onun tədrici inkişafının səbəblərinə, qitə Çini və Tayvan arasında münasibətlərin siyasi-iqtisadi modelində dəyişikliklərə həsr olunmuş mühazirə ilə çıxış edib. Adanın regional və dünya siyasətinin müasir sistemində xüsusi vəziyyəti, ABŞ-ın Cənub-Şərqi Asiyada mövqeyi nəzərə alınmaqla Tayvan məsələsinin xüsusiyyətlərindən söhbət açan R.Abbasov qeyd edib ki, Tayvanın və qitə Çininin birləşdirilməsi məsələsi Çin millətinin böyük dirçəlişi barədə “Çin arzuları”nın reallaşması üçün zəruri şərtdir.

 

Seminarda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov, ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əli Məmmədov, dosent Aytən Mustafayeva Azərbaycan-Çin siyasi və iqtisadi əlaqələrinin uğurlu inkişafından söhbət açaraq xüsusi vurğulayıblar ki, Azərbaycan həmişə “Vahid Çin” prinsipinə tərəfdar və “Tayvanın müstəqilliyi”nin əleyhinə çıxış edib. Azərbaycan tərəfi bəşəriyyətin ortaq taleyinin icma konsepsiyasını yüksək qiymətləndirir, “Bir kəmər, bir yol”un birgə tikintisində fəal iştirak edir, Çinin qlobal təhlükəsizlik, qlobal inkişaf və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi