Modern.az

Ombudsman Şimali Kiprin Prezidenti ilə GÖRÜŞÜB

Ombudsman Şimali Kiprin Prezidenti ilə GÖRÜŞÜB

22 May 2024, 09:58

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları təsisatları ilə əlaqələrindən danışıb.

 

S.Əliyeva Şimali Kiprin Ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə fəaliyyətin davam etdirildiyini bildirib.

 

Daha sonra Ombudsman Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Baş prokuror Sarper Altıncık və Vəkillər Kollegiyasının sədri Hasan Esendağlı ilə görüşlər keçirib.

 

Görüşlərdə Müvəkkil mandatı barədə məlumat verib, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi, həmçinin ölkə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələrindən danışıb. Ombudsman tərəfindən mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də yeni qanun layihələrinin qəbul olunması ilə bağlı təklif və tövsiyələrin hazırlandığı diqqətə çatdırılıb.

 

Eyni zamanda, görüşlərdə ölkələr arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadilələri aparılıb.

 

Ombudsman Səbinə Əliyeva, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolla görüşüb.

 

Müvəkkil əvvəlki görüşləri məmnunluqla xatırladaraq, bu cür görüşlərin əməkdaşlıqla bağlı müzakirələrin aparılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Əliyeva iki ölkənin Ombudsman təsisatları arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.

 

Ombudsman cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini bildirib, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə tədbirlərin nəzərdə tutulduğu qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Qeyd edək ki, Ombudsman Səbinə Əliyeva Şimali Kipr Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolun dəvəti əsasında bu ölkədə səfərdədir. Səfər zamanı keçirilmiş görüşlərdə Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç da iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?