Gürcüstanda güclü yağışlar çayların daşmasına səbəb olub. Çayların daşması nəticəsində bir sıra ərazilərdə, o cümlədən azərbaycanlılar yaşayan bölgələrdə ciddi fəsadlar baş verib, kəndləri, evləri su basıb.
Modern.az son durumu öyrənmək üçün Marnueli rayon bələdiyyəsinin sədri Zaur Darğallı ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Zaur Darğallı bildirib ki, ölüm-itim olmayıb:
"Dünən Xram, Dbet, Audit çaylarının daşması Marnueli rayonun bir sıra kəndlərinə, həmçinin şəhərin özündə fəsadlar yaratmışdı. Yaşayış evləri, biznes obyektləri, kənd təsərrüfatı sahələrinə su dolmuşdu. Dünən gün ərzində insanların evlərdən çıxarılması istiqamətində işlər gördük. Çayın məcrasına doğru çəkilməsindən sonra evlərdən, obyektlərdən suların təmizlənmədsi işləri həyata keçirilir. Həmçinin bələdiyyədə xüsusi komissiyalar fəaliyyət göstərir, işçi qrup yaradılıb. Dəyən zərərin hesablanması prosesinə başlanılıb. Hazırkı durum yaxşıdır. Su daha evlərə dolmur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli özünüidarəetmə və mərkəzi hakimiyyət koordinasiyalı şəkildə fəsadların aradan qaldırılması istiqamətində işlər görürlər. Şükür Allaha ki, ölüm-itim olmayıb".