Modern.az

Ağsaqqallar Şurasının rəhbər şəxsləri Özbəkistanda Müstəqillik Günü tədbirində - FOTO

Ağsaqqallar Şurasının rəhbər şəxsləri Özbəkistanda Müstəqillik Günü tədbirində - FOTO

Aktual

27 May 2024, 14:38

Özbəkistan Respublikasında səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri – Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev və sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov qardaş ölkədə 28 May – Azərbaycanın Müstəqillik  Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər, işgüzar görüşlər keçiriblər.

 

Ölkəmizin Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənd şəhərində keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

 

Tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, eləcə də Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışında tədbir iştirakçılarını salamlayıb və onları Müstəqillik  Günü münasibətilə təbrik edib. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 ilinin tamam olduğunu bildirən səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında danışıb. Bildirib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub, qonşu dövlətlərlə, həmçinin Avropa və Amerikanın 20 ölkəsi ilə diplomatik əlaqələr qurulub.

 

“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb, neft strategiyası həyata keçirilməyə başlanıb, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub, həmçinin iki il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub”, - deyə Hüseyn Quliyev bildirib.

 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini deyən səfir 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən də danışıb. Vurğulanıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib.

 

Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb.

 

Sonra Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin turizm imkanları, tarixi abidələri əks etdirən videoçarx nümayiş olunub və qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.

 

Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev və Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov Özbəkistan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüblər. Səmimi şəraitdə keçən görüşdə  göstərilən qonaqpərvərliyə görə öz minnətdarlıqlarını bildirərək Azərbaycan xalqının salamlarını qardaş özbək xalqına çatdırıblar. Söhbət zamanı xalqlarımız arasındakı mövcud tarixi-mənəvi əlaqələrdən, qardaşlıq münasibətlərindən bəhs olunub. Bir millətə mənsub altı dövlətin təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının xətti ilə ölkələrimiz tərəfindən türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımların  atıldığı, gələcəkdə bu dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyi vurğulanıb. Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfərdən də bəhs edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Özbəkistan daim ölkəmizin ədalətli mövqeyini dəstəkləyib və  işğaldan azad etdiyimiz əzəli torpaqlarımızdakı quruculuq işlərinə də öz töhfəsini verib. Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonunda Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə gözəl bir orta məktəb binası inşa edilib. Eldar Quliyev, həmçinin, Özbəkistan Ağsaqqallar Şurasının üzvlərini Azərbaycana dəvət edib və onları ölkəmizdə görməkdən məmnun olacaqlarını bildirib.

 

Səfər zamanı Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər, Ümummilli Liderimizin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin müşayiəti ilə burada yaradılmış şəraitlə, xüsusilə də Mərkəzin Heydər Əliyev muzeyindəki şəkillərlə və eksponatlarla yaxından tanış olublar. Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev və Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov Mərkəzin yaxınlığında salınmış Heydər Əliyev parkında da olublar, Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi