Modern.az

İlham Əliyev Ağdamda daha iki kəndin təməlini qoydu - FOTOLAR

İlham Əliyev Ağdamda daha iki kəndin təməlini qoydu - FOTOLAR

Aktual

28 May 2024, 13:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Şotlanlı kəndinin təməlini qoyub.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.

 

Qeyd olundu ki, Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, ərzaq mağazası və üzüm bağları fəaliyyət göstərib.

 

Bildirildi ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır. Buraya 3 min nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün 750 ev tikiləcək. Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur və buraya 205 ailənin köçürülməsi planlaşdırılır. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

 

Prezident İlham Əliyev Şotlanlı kəndinin təməlini qoydu.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub.

 

Modern.az xəbər verir ki, dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

 

Bildirilib ki, Nəmirli kəndində 624 ailə - 2515 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. İşğal dövrünə qədər kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu, ərzaq mağazası, maşın-traktor parkı, kənd təsərrüfatı məhsullarının anbarı, heyvandarlıq ferması və üzüm bağları fəaliyyət göstərib.

 

Məlumat verilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır. Buraya 3036 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün 759 fərdi ev inşa ediləcək. Layihələndirilən ərazi Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır və buraya 179 ailənin köçürülməsi nəzərdə tutulur. Bu mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.

 

Dövlət başçısı Nəmirli kəndinin təməlini qoyub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi