Modern.az

Pərvin Kərimzadə: Böyük Qayıdışın Xocalı mərhələsi başlayıb

Pərvin Kərimzadə: Böyük Qayıdışın Xocalı mərhələsi başlayıb

30 May 2024, 20:11

“Qalib Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin bərpasının, şəhər və kəndlərin sıfırdan yenidən qurulmasının timsalında dünyaya özünün fərqli nümunəsini ortaya qoyur. Azərbaycan 30 ərzində düşmənin nəzarəti altında qalmış və yerlə-yeksan edilmiş əraziləri yüksək səviyyədə bərpa etməyi, bütövlükdə Qarabağı dünyanın cənnət guşəsinə çevirməyi hədəfləyib. Bunun üçün dövlətimizin gücü, xalqımızın iradəsi ortadadır. Ölkəmiz bütün bərpa və quruculuq işlərini öz gücünə, kənar dəstək olmadan həyata keçirir. Hazırda yenidən qurulan yaşayış məntəqələrinin məskunlaşdırılması uğurla davam etdirilir. Mayın 28-də Müstəqillik Günündə Xocalı şəhərinə də ilk qayıdış gerçəkləşdi. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Bununla da, Böyük Qayıdışın Xocalı mərhələsi başlayıb”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

 

Deputat bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri XX əsrin soyqırımı faciəsini yaşadılar. Həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Erməni vəhşiliyi nəticəsində həmin gecə Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı faciəsi idi. Müstəqillik Günümüzdə Prezidentlə və birinci xanımla baş tutan görüşdə isə Xocalı faciəsinin canlı şahidləri danışırdılar. O amansız, qan donduran səhnələr indi də onların gözləri önündədir. Sevinc, qürur yeri isə ondadır ki, ötən onilliklər, yaşanan ağır məcburi köçkünlük taleyi bu insanların ümid və inamını qıra bilməyib. Onlar dövlətə, Prezidentə inanaraq qayıdış gününün gələcəyini gözləyiblər. O gün gəldi! Görüşdə bu xoşbəxt günü gətirən dövlət başçısına səmimi minnətdarlıqlarını bildirən soyqırımı şahidlərinin bir gözündəki kədəri, digər gözündəki sevinc yaşlarını izləmək, acı xatirələrini dinləmək olduqca təsirlidir.

 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev ad günlərini və ölkəmiz üçün əlamətdar günləri xalqın arasında keçirir, vətəndaşları xoş xəbərlərlə müjdələyir. 28 May bayramını da son üç ildir ki, dövlətimizin başçısı doğma yurdlarına qayıdan sakinlərlə qeyd edir. Belə ki, 2022-ci ildə Ağalı sakinləri ilə görüşən cənab Prezident 2023-cü ildə Laçın şəhərinin sakinlərilə görüşərək onlara evlərinin açarını təqdim etmişdi. Bu ilki Müstəqillik Günündə isə bu sevinci Xocalı sakinləri sakinləri yaşadı. Xocalının erməni separatçılarından təmizlənməsindən cəmi səkkiz ay ötüb. Antiterror tədbirlərindən dərhal sonra Prezident İlham Əliyev şəhərin bərpa edilməsi ilə bağlı tapşırıqlarını verib. Qısa müddətdə Xocalıda böyük həcmli işlər görülüb, bir sıra layihələr uğurla tamamlanıb. Hələ şəhərin yenidən qurulması planının birinci mərhələsi üzrə işlər aparılır. Bu gün Xocalı milli ruhlu müasir şəhər kimi inkişaf etdirilir.

 

Pərvin Kərimzadə qeyd edib ki, Xocalı Azərbaycan üçün adi bir yaşayış məntəqəsi deyil, onun hər birimizin qəlbində xüsusi yeri var. Verilən məlumatlara əsasən, Xocalının baş planını hazırlayarkən, ilk növbədə, onun regiondakı mövqeyi nəzərə alınıb. Şəhər çox strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu. Bütün bunlar Xocalının gələcəyini artıq bir nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşanın yaxınlıqda yerləşdiyi nəzərə alınaraq, Xocalının regionla inteqrasiyasına xüsusi önəm verilib. Şəhərin baş planında gələcəyə baxış hədəfləri əks etdirilib.

 

Xocalıda Heydər Əliyev Fondunun inşa edəcəyi Soyqırımı muzeyi – Memorial Kompleks, heç şübhəsiz ki, şəhərin yeni rəmzlərindən birinə çevriləcək. Bu, çox mühüm tikili olacaq, bütünlükdə faciəmizi simvolizə edəcək. Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq Prezident İlham Əliyev özünü dediyi kimi, hər il onun son təsdiqini yubadıb. Dövlətimizin başçısı səmimi şəkildə bildirib: “Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”.

 

“Artıq Heydər Əliyev Fondu tərəfindən Xocalı Memorial Kompleksi inşa edilir. Xocalı-Əsgəran avtomobil yolunun üzərində yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır”,-deyə deputat vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı