Modern.az

Kütləvi minalanma keçmiş köçkünlərə böyük əngəldir - Deputat

Kütləvi minalanma keçmiş köçkünlərə böyük əngəldir - Deputat

1 İyun 2024, 16:00

"Hazırda Azərbaycan xalqı olaraq qarşımızda böyük çağırışlar dayanır. Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlarımıza yenidən həyatı qaytarmaqdır. Lakin Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması bugün hələ də ən böyük təhdidlərdən biridir və buda keçmiş məcburi köçkünlərimizin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir".

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkilinin sözlərinə görə, dövlətimiz tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu prosesə cəlb olunan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızın və Şərqi Zəngəzurun mina terrorundan təmizlənməsi üçün öz canlarını təhlükəyə atırlar.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir və əsasən ölkəmizin daxili resursları hesabına aparılır. Bu baxımdan, ANAMA-nın səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Biz işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik.

Fatma Yıldırım bildirib ki, mayın 30-31-də ölkəmizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının keçirilməsi dünya ictimaiyyətinin diqqətinin bu problemə yönəlməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Mayın 30-da məndə Zəngilan şəhərində keçirilən bu önəmli beynəlxalq konfransda iştirak etdim. Konfrans iştirakçısı olaraq, önəmli məlumatlar dinlədik, eyni zamanda beynəlxalq birliyə mühüm çağırışlar edildi. Bütövlükdə, konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Tədbirdə ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndənin iştirak etməsi müsbət haldır. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxslərinin iştirak etməsi onu göstərir ki, dövlətimiz Ermənistanın mina terroruna və bu terrorun törətdiyi fəsadlara beynəlxalq birliyin diqqətini cəlb edə bilib.

Konfransdan sonra iştirakçılar olaraq yeni inşa olunmuş Zəngilan məscidini ziyarət etdik və işğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində açıq səma altında yaradılmış sərgiyə baxdıq. Daha sonra Zəngilan rayonu Ağalı kəndinə gedərək kənddə yeni inşa olunub istifadəyə verilmiş orta məktəbdə yaradılan şəraitlə tanış olduq.

"Hesab edirəm  ki, konfransda iştirak edən əcnəbi qonaqlar Ermənistanın bu cinayətkar əməllərini pisləməli, təmsil etdikləri ölkələrdə və təşkilatlarda Azərbaycanın üzləşdiyi mina problemi haqda həqiqətləri yaymalıdırlar. Çünki bu təkcə insan həyatına deyil, eyni zamanda bütün bəşəriyyətə aid olan ekologiyaya dəymiş ciddi ziyandır. Mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq, minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq vacibdir və bu sahədə müvafiq beynəlxalq təşkilatlar ciddi dəstək verməlidir”, - deyə millət vəkili vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var