Kainat və Dünya Uca Haqq tərəfindən yaradılmışdır - doğması, bəşəri və dünyəvi dəyər kimi İlahi Haqqa və Hökmə tapınma-dünya xalqları, millətləri, qəbilə, tayfa və etnik qövmlərini birləşdirən ümumi cəhət olmaqla, həm də səciyyəvi irfani-fəlsəfi dünyadərki örnəkləri ilə fərqlənir. Yeni minilliyin VII əsrindən başlayaraq yaranan yeni Dini-İlahi dəyərlər artıq dünyanın 1,5 milyard nəfər əhalisinin dünyaqavramının/dünyagörüşünün etno-milli genetik soydaşıyıcılarına çevrilmiş, təqribən 50 milyon kv. km coğrafi məkanı, Uca Məqamdan enən axırıncı İlahi Oxunun/İslam dininin İlahi-Mistik Ruhu ilə Dünyəvi hüdudları əhatə etmişdir.
Dünyanın bir çox dini-elmi tədqiqatçıları, dinşünas-ruhani filosofları (Əbu Abdullah əl-Buxari, 810-870, Əbülqasim əl-Cüneyd əl-Bağdadiəl, 830-910, Əhməd Yasəvi, 1100-1166, Qazi Burhanəddin Anəvi, 1143-1214, Həmdullah Qəzvini, 1281-1349, Xacə Bəhaəddin Məhəmməd Buxari, 1318-1389, Seyid Əli Sistani, 1930...) İslam dini, onun müqəddəs Kitabı və Həzrəti-Peyğəmbəri haqqında saysız-hesabsız yazdıqları ilə İlahi Hökmün bəşəri dəyərlərini bir daha təsdiq etmiş, bu müqəddəs Dini İnancın dünyəvi tutmunu/yükünü qiymətləndirmiş, bu sakral irsin ruhani-fəlsəfi zənginliyini tədqiq edərək həm də təşviqinə “yaşıl işıq” yandırmışlar.
Bu sırada Qərbi Avropa (ərəb mənşəli ispan filosofu Əbül Valid ibn Ruşd, 1126-1198, fransız din tarixçisi Jan Jandena, 1285-132), dini filosof Jozef Ernest Renan-1823-1892...) və Rusiya dini-fəlsəfi fikir daşıyıcılarının adları (A.A.Bobrincki, 1852-1927, A.A.Semyonov, 1873-1958, V.V.Bartold, 1869-1930, V.A.İvanov, 1886-1970, A.K.Zakuyev, 1888-1968...) xüsusi yer tutur.
“Sakral” termini latınca “sacrum”, ingilis dilində “sacral” sözlərinin mənasına uyğun olaraq-“Allaha sığınma, Müqəddəs Ruha, İlahi Varlığa qəlb bağlılığı, Mistik duyğuların Ruhani ifadəsi...” anlamındadır və Yer kürəsində hər bir İnsan cəmiyyətinin həm də milli-mənəvi bütövlüyünə işıq salır. İlahi duyğusallığın Oxu kitabı olan “Qurani-Şərif” Yer üzünə enən Haqqın hökmü olmaqla yanaşı, Tarixi-Coğrafi irs, mənəvi dəyər abidəsidir, həm də dünyadərkinə əsas verən Bəşəri/Dünyəvi Elm sistemidir. Bu elmi sistem Həzrəti-Muhammadın (s.ə.s.) sağlığında (570-632-ci illər) Ubeyy ibn Kəb əl-Xazrəci (onun sözçüsü) tərəfindən yaransa da, sonuncu Haqq Kitabının təşəkkül mərhələsi kimi 3-cü xəlifə Osman ibn Əfvan (574-656) dövrü (644-656-cı illər) qəbul edilmişdir.
Ümumiyyətlə, İlahi Hökmə tanınma və Qəlb bağlılığı təcəlla edən müqəddəs yerlərin tədqiqi, İslam dininin elmi-fəlsəfi əsaslarının öyrənilməsi Azərbaycan alimlərinin də (Əbu Abdullah Nafi əl-Azərbaycani, Əbu Səid Bərdəyi, Mirzə Əhməd Təbrizi, Məhəmməd Şirvani, Mirzə Bağır ağa Təbrizi, Molla Ruhulla Məmmədzadə, Şeyx Əbdülkərim İrəvani, Ömər Şirvani...) diqqət mərkəzində olmuşdur.
XX əsrin görkəmli tarixçisi, epiqraf-şərqşünas alim M.S.Nemətova (1924-2016) yarım əsrdən çox elmi-tədqiqatını Bütöv Azərbaycan hüdudlarında Şərq dilləri ilə naxışlanmış qəbirüstü tarixi-maddi abidələrin öyrənilməsinə həsr etmiş, 2500-dən artıq epiqrafik abidələri oxuyaraq təhlil etmiş, 1991-2011-ci illərdə VI cildlik “Azərbaycanın epiqrafik abidələri” ensklopedik nəşri hazırlamışdır.
Dini-sakral zənginliyin elmi-nəzəri baxəmdan tədqiqndə tarixiliklə yanaşı, onun coğrafi məkan qiymətləndirilməsi də əhəmiyyətli olduğundan Bütöv Azərbaycan hüdudları/sərhədləri də VII-VIII əsrdən etibarən bu sistemlə təşəkkül tapmış, Türk-Müsəlman dünyasının sakral mərkəzlərindən birinə çevrilmişdir. Coğrafi məkan meyarı ilə tədqiqat obyektinə çevrilən Dini-Ruhani dəyərlər sistemi Azərbaycan bütövlüyündə “Azərbaycanın sakral coğrafiyası” kimi elmi-nəzəri əhəmiyyətə və tarixi əhəmiyyətə malikdir. Çünki, XIV-XVI əsrlərdən etibarən dinsiz və mürtəce hay kilsəsi Bütöv Azərbaycanın coğrafi sərhədləri hüdudlarında (təqribən 200 min kv.km ərazilərdə) nəinki Azərbaycan xalqının dini-ruhani irs abidələrinə, sakral ocaqlarına təcavüz etmiş, dağıtmış, daşüstü yazı nümunələrini “erməni”ləşdirilmiş, dini-fəlsəfi təlimləri zəiflətmişdir, həm də iümumilikdə Türk-Müsəlman coğrafiyasının sakral sərhədlərini “dağıtmış”, iblisanə niyyətlərini heç vaxt səngitməyəcəkləri dərəcədə yer üzündən silməyə səhd etməkdədirlər.
Baxmayaraq ki, Azərbaycanda İslam dini tarixi barədə kifayət qədər elmi-nəzəri tədqiqatlara yer ayrılsa da, “Azərbaycanın sakral coğrafiyası”nın sistemli öyrənilməsi və bu sahənin müstəqil araşdırma ocağına çevrilməsi hələ də mümükün olmamışdır. XX-XXI əsrlərdə düşmən qüvvələrinin Türk-Müsəlman dünyasının, o cümlədən Azərbaycanını dini-irfani irs zənginliyini hədəfə almaları bu sahədə müvafiq səfərbərliyi tələb etməkdədir, xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrinin timsalında...
İslamşünaslıq xüsusunda bir sıra görkəmli alimlərimizin əsərləri, bu sahədə apardıqları tədqiqat nəticələrinin dəyərləri nəzərə alınmaqla yeni istiqamət kimi “Azərbaycanın sakral coğrafiyası” aşağıdakı elmi-nəzəri məsələlərin həlli naminə xüsusi sahə kimi qiymətləndirilə bilər:
-sakral dəyərləri özündə qoruyub saxlayan etnomilli, maddi-tarixi irs abidələrinin (ibadətgahlar, ziyarət ocaqları, qədim qəbirstanlıqlar, dini-təlim mərkəzləri, ruhani-fəlsəfi məzmun kəsb edən nümunələr (qəbirüstü, qayaüstü, təbii-mistik ruh daşıyıcıları...) yayıldığı, təşəkkül tapdığı coğrafi məkan qiymətləndirilməsi;
-Türk-Müsəlman dünyası sərhədlərində və İslam dinşünaslığı fundamental səviyyəsində (timsalında) dini-sakral irsimizin coğrafi tədqiqinin tarixi araşdırmalarla əlaqələndirilməsi;
-Ruhani/İnanc məkanları kimi Ilahi və Mistik dəyərləri ifadə edən sakral abidələrin coğrafi relyef-landşaft stuktur vahidləri ilə üzvi/morfogenetik bağlılığının öyrənilməsi;
-işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələrinin dini-sakral maddi irsinin coğrafi məkan baxımından morfogenetik təhlili, ərazi üzrə yayılma müxtəlifliyi və Mistik-Ruhani bağlılığının şərh/təsvir edilməsi;
-Şərqi Zəngəzur və Qarabağ bölgələrində dini-sakral ocaqların antro-etno-morfotoponimik mənşəyinin ümumi Türk-Müsəlman dünyasının coğrafiyası baxımından coğrafi təhlilinin aparılması;
-Dini/Sakral toponimlərin tarixi-fololoji-coğrafi mənşəyinin elmi-nəzəri izahı Türkdilli xalqların və Müsəlman təriqətinin vəhdaniliyi konsersiyasının əsası kimi qəbul edilməsi...
Göründüyü kimi, “Azərbaycanın sakral coğrafiyası” tarixi mərhələlər boyunca, minillikləri əhatə edən və dünya sivilizasiyasının təkamül mərhələsini təşkil edən İslam mədəniyyətinin coğrafi əsaslarının tədqiq edilməsi xüsusi əhəmiyyətə malikdir və sahəvi nəzəri bünövrə təşkil edir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)