Modern.az

“Helikopter” yazaq, yoxsa “vertolyot”? - Dilçi alimlərin fikirləri HAÇALANDI

“Helikopter” yazaq, yoxsa “vertolyot”? - Dilçi alimlərin fikirləri HAÇALANDI

5 İyun 2024, 10:56

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi və digər rəsmi şəxsləri daşıyan helikopterin qəzaya uğramasından sonra əvvəllər də müzakirə mövzusu olan "helikopter, yoxsa vertolyot?" məsələsi yenidən gündəmə gəlib.
 

Bəziləri bu aerodinamik uçuş aparatını helikopter, digərləri vertolyot kimi təqdim edib.


Modern.az saytı mövzu ilə bağlı dilçi alimlərin fikrini öyrənib.


Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, professor Möhsün Nağısoylu bildirib ki, birmənalı olaraq "helikopter" sözündən istifadə edilməlidir.


"“Helikopter" sözü artıq Azərbaycan dilinin orfoqrafiya lüğətinə daxil edilib. Bu səbəbdən də “vertolyot” yox,  “helikopter” sözündən istifadə edilməsi düzgündür", - o qeyd edib.

 

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva isə əksinə, “helikopter” sözünün düzgün seçim olmadığını bildirib:

“Dilimizdə hər iki söz mövcuddur. Amma biz əvvəlki illərdə “vertolyot” sözündən istifadə edirdik. Mən “helikopter” sözündən istifadənin nə dərəcədə istifadə olunduğunu bilmirəm. Əgər xalq tərəfindən istifadə olunacaqsa, ümumişlək sözə çevriləcək. İstifadə olunmayacaqsa, “spiker” sözü kimi ümumişləklik qazanmayacaq".

Müsahibimiz bildirib ki, “helikopter” sözünün işlənməsinin tərəfdarı deyil:

“Hər ikisi alınma sözdürsə, əvvəlki öyrəşdiyimiz, demək olar ki, dilimizin lüğət tərkibinə daxil olan “vertolyot” sözü istifadə edilsin. Bu sözün digərindən geri qalmasının heç bir səbəbi yoxdur. Dilimizdə uyğun əvəzləyici söz olsa və özümüzün sözü olaraq yaransa, məhz onun yazılmasının tərəfdarı olarıq. Amma alınma sözü dilimizdə işlənən sözlə əvəz etməkdənsə, dilimizin lüğət tərkibi hesabına formalaşması daha yaxşıdır. Təklif edilən "helikopter" də alınma söz olduğu üçün onun ümümişləklik qazanmasına inanmıram və məqbul saymıram”.

P.S. “Vertolyot” və ya helikopter şaquli hərəkət edən, havada dayana bilən və istənilən istiqamətdə uçan aerodinamik uçuş aparatıdır.
Vertolyot sözü ilk dəfə 1929-cu ildə Nikolay Kamov tərəfindən istifadə edilib. "Vertikal" və rus dilində uçmaq mənasını verən "letat" sözlərinin birləşməsindən yaranıb.

“Helikopter” sözü XIX əsrin sonlarında fransız dilində istifadə olunmağa başlamış və öz növbəsində yunan dilindəki “hélikos” (spiral, vint) və “pterón” (qanad) sözlərinin birləşməsindən yaranıb.

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar "helikopter" sözünə azərbaycanca belə bir qaşılıq təklif etmişdi - "dikuçar".
 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU