Türk dünyasının güclənməsi heç kəsi narahat etməsin. Biz yalnız ədalətli dünyanın qurulmasının tərəfindəyik və sülhü, əmin-amanlığı dəstəkləyirik.
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TÜRKPA-nın 13-cü plenar sessiyasında səsləndirib.
Çoxqütblü dünyanın yaranmasından danışan TBMM-in sədri qeyd edib ki, Türk dünyası ən mühüm geostrateji məkan olmaqla bərabər, özünün adət-ənənələri, təbiətinin zənginliyi ilə diqqət çəkir.
“Balans və ədalət qorunmalıdır. Bu gün Qəzza zolağında baş verən hadisələr, dinc insanlara zülm olunması, onların qətl edilməsi ədalətsizlikdir. Balans və ədalətə təbiət, siyasət, iqtisadiyyat və digər bütün sahələrdə riayət edilməlidir”, - deyə Numan Kurtulmuş bildirib.
Həmçinin plenar sessiyanın mövzusu ilə bağlı fikirlərini bölüşən TBMM-in sədri iqlim dəyişikliyi ilə bağlı dünyanı narahat edən fəsadlar barədə danışıb. Onun sözlərinə görə, bu qlobal böhrandan xilas olmaq üçün insanın təfəkkürü dəyişməlidir. İnsanlar təbiətə ciddi ziyan vurmaqdan, onun həddindən artıq istismarından çəkinməlidirlər.
N.Kurtulmuş, Azərbaycana TÜRKPA-nın 13-cü sessiyasına və noyabr ayında keçiriləcək COP29-a ev sahibliyi üçün təşəkkürünü bildirib.