Bu gün Azərbaycan və Macarıstan arasında dərin tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkələrimiz arasında qarşılıqlı etimada söykənən diplomatik münasibətlər qurulub: 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu gün Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksəlməkdədir, ali səviyyədə dialoq mövcuddur.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.
O qeyd edib ki, ötən il Prezident İlham Əliyevin Macarıstana səfəri çərçivəsində Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair imzalanmış Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirilməsi üçün yeni perspektivlər açmışdır:
"Bu baxımdan dövlət və hökumət rəhbərləri, habelə diplomatik qurumlar səviyyəsində qarşılıqlı səfərlər və mütəmadi ünsiyyət iki ölkə arasında münasibətlərin dostluq və ümumi maraqlara əsaslanan əməkdaşlıq ruhunda inkişaf etdiyinə sübutdur.
Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir. Macarıstan hazırkı dövrdə Şərqi Avropada nüfuzlu mövqeyə malik orta güç hesab edilir. Bu ölkə ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu və Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri Bakının və Budapeştin bir-birinə uyğun gələn geosiyasi yanaşmalarını əks etdirir.
Bildiyiniz kimi, son dövrlər türk dünyasının birləşməsi istiqamətində böyük səylər göstərilir. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Dünən Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bununla bağlı siyasi mövqeyini bir daha açıqlamışdır: “…Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir”. Qurumda müşahidəçi statusuna malik Macarıstan da tarixi köklərə istinad edərək geosiyasi baxımdan özünü məhz bu coğrafiyada görür. Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisinin açılması 2018-ci ildən təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin türk dövlətləri, xüsusilə Türkiyə və Azərbaycanla yüksək səviyyədə əlaqələrin qurulmasında maraqlı olduğunun göstəricisidir.
Bakı və Budapeşt bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Macarıstanın bir neçə həftə əvvəl Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı ilə bağlı layihəsinə veto qoyması məhz qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunması tələbi ilə əlaqəlidir ki, bu da ölkələrimiz arasında möhkəmlənən dostluq münasibətlərinin daha bir nümunəsidir. Bununla bağlı minnətdarlığını ifadə edən cənab İlham Əliyev bəzi Avropa ölkələrinin yaratdığı anti-Azərbaycan qruplaşmasına qarşı Macarıstanın nümayiş etdirdiyi cəsarətli, eyni zamanda ədalətli mövqeyini xüsusi vurğulamışdır: “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir… Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır... Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir”.
İki ölkə arasında münasibətlərin parlament ölçüsü də müsbət dinamikası ilə fərqlənir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində isə Macarıstan-Azərbaycan dostluq qrupu uğurlu və məhsuldar fəaliyyət nümayiş etdirir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən artıq sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayır.
Həmçinin, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinii tanıyan ilk dövlətlərdən biri kimi həmin dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, indi də davam etdirir. Macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir. Parlament sədrləti ilə görüşdə cənab İlham Əliyev xüsusi olaraq bəyan etdi ki, Cəbrayıl rayonundakı bir məntəqədə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa edilir və bu, bir daha bizim birliyimizi göstərir.
Bunlarla yanaşı, Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Rəsmi Budapeşt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləyir və bu layihəyə öz marağını nümayiş etdirib. Bu ölkənin “Şahdəniz” dəniz qaz-kondensat yatağında hasilatın pay bölgüsü sazişində 5 faizlik pay alması onun Azərbaycanın qaz təchizatının coğrafiyasına fəal şəkildə daxil olduğunu göstərməklə yanaşı ölkələrimiz arasındakı münasibətlərin yüksək etimad şəraitində formalaşmasının yeni bir təzahürüdür.
Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri olduqca yüksək səviyyədə inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verilir. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bir neçə Macarıstan şəhərinin Azərbaycan şəhərləri ilə qardaşlaşması da diqqətçəkən faktdır.
Beləliklə, Prezident İlham Əliyevin TDT-da müşahidəçi qismində mühüm mövqeyə malik fəal iştirakçı və bizim Avropa İttifaqındakı dayağımız kimi dəyərləndirdiyi Macarıstanla Azərbaycan arasındakı dost və strateji tərəfdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə daşınmaqdadır"