Modern.az

\"Türk dünyasının güclənməsində parlamentlərin rolu artmaqdadır\"

\

11 İyun 2024, 09:22

“Türk dövlətlərini ortaq tarix, mədəniyyət, dil, din, adət-ənənələr, dəyərlər bir-birinə çox sıx tellərlə bağlayır. Ötən dövr ərzində müstəqil dövlətlərimiz arasında mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türk dövlətləri ilə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin daha da güclənməsində maraqlıdır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türk dövlətləri bir-birini hər zaman fəal surətdə dəstəkləyir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, türk dövlətləri və xalqları müxtəlif ortaq platformalar çərçivəsində əməkdaşlığı gücləndirir. Belə platformalardan biri də TÜRKPA-dır. Bugünlərdə Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində mühüm məsələlər müzakirə olundu. Təşkilata sədrlik Azərbaycana keçdi. Ölkəmizin bu quruma uğurla sədrlik edəcəyi şübhəsizdir.


Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-nın plenar iclasının iştirakçılarını qəbul edən zaman türk dünyasının birliyinin önəmini daha diqqətə çatdırdı. Dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirib. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər, qarşılıqlı səfərlər bu birliyin sarsılmaz olduğunu bir daha dünyaya bəyan edir. Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu var. Bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir. Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşlər və digər tədbirlər davam etdiriləcək. Təxminən bir ay sonra Şuşa şəhəri Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlətimizin başçısının dediyi kimi, Zirvə görüşlərinin keçirilməsi mütəmadi xarakter almalıdır. Çünki sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. 


Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi mənası var. Çünki Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Bu müddət ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Bununla yanaşı, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.


Fatma Yıldırım qeyd edib ki, Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün mövzusunun nəqliyyat və iqlimlə bağlı olması nəzərdə tutulur. Bu istiqamətdə tədbirlərin təşkil olunması çox zəruridir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Məhz bunun nəticəsidir ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması istiqamətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir.


“Türk dünyasının birliyinin güclənməsində parlamentlərin rolu da artmaqdadır. TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində keçirilən tədbirlər, aparılan müzakirələr də bunu təsdiqləyir”,-deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi