Modern.az

Ceyhun Bayramov həmkarı ilə əməkdaşlıqdan danışdı 

Ceyhun Bayramov həmkarı ilə əməkdaşlıqdan danışdı 

Aktual

11 İyun 2024, 19:52

11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Berlində Ukrayna Bərpa Konfransı çərçivəsində Bolqarıstan Respublikasının Baş naziri və xarici işlər naziri Dimitar Qlavçev ilə görüşüb.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səylərin artırılacağını vurğulayıblar.

 

Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, yaşıl enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, “Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

 

C.Bayramov Azərbaycan ilə Bolqarıstan arasında siyasi məsləhətləşmələrin daimi siyasi dialoqun saxlanılması baxımından önəmli olduğunu vurğulayıb.

 

Nazir, həmçinin həmkarını post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

 

Görüşdə tərəflər, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsinin yeni perspektivli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?