Ermənistan Milli Təhlükəsizlik Xidməti 2024-cü il aprelin 4-də başlayan “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarını qanuna əməl etməyə və nizam-intizamı pozmamağa çağırır.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.
“Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya quruluşunu istənilən hücumlardan qorumaq missiyasını nəzərə alaraq, biz təsdiq edirik ki, qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edilməklə istənilən qanunsuz davranış zərərsizləşdiriləcək”.
“Vətən uğrunda Tavuş” hərəkatına keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Bu hərəkat hər gün İrəvanda mitinqlər keçirməklə Paşinyan hökumətindən istefa tələb edir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda respublika parlamentinin binasındadır. O, 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirədə iştirak edir və axşam hökumət saatı olacaq.
Bir gün əvvəl arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları iyunun 12-də saat 15:00-da İrəvanın Baqramyan prospektində toplaşmağa çağırıb.