Modern.az

15 İyun - Dövlətçiliyimizin xilas günü

15 İyun - Dövlətçiliyimizin xilas günü

13 İyun 2024, 12:40

Xalqımız 15 iyun Milli Qurtuluş Gününü qeyd etməyə hazırlaşır. Ölkəmizin qurtuluş tarixinə çevrilən bu gözəl günü artıq bir neçə ildir ki, torpaqları işğaldan azad olunmuş, doğma Qarabağımızda, Xankəndidə, Şuşada Azərbaycan bayrağının dalğalandığı şəraitdə, qürurlu vətəndaşlar kimi qeyd edirik. 2020-ci ildə Prezident, Al Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində, xalqımızın iğid oğullarının qanı bahasına 44 günlük müharibədə qazanılan zəfərlə işğal altındakı bütün torpaqlarımız erməni işğalından  azad edildi.

 

Bəli, bu gün biz bütöv və müstəqil Azərbaycanda yaşayırıq. Bu tarixi uğurlarımızın əsası isə 1993-cü ilin 15 iyununda, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra qoyuldu. Ulu Öndərin xalqın səsinə sə verərək hakimiyyətə qayıtması ilə Azərbaycan xos və anarxiyadan, dövlətçiliyimiz isə  məhv olmaqdan xilas oldu. 15 iyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilirdi: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.
Bu tarixi qərarda deyildiyi kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” dedi. Bu çətin, ağır bir mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı.

 

Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi.

 

Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir.

 

Bəli, 1993-cü ildən bugünədək Azərbaycan böyük inkişaf yolu keçib. Bütün uğurlarımızın əsasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugününə və gələcəyinə xidmət edən düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında da yeni bir mərhələnin əsasını qoydu.  Vətəninə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən Ümummilli Liderin xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciəti daim xüsusi vurğulanır. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dünyaya Günəş kimi doğan Azərbaycanı qalibiyyətə qovuşdurdu.

 

Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda  üçrəngli Bayrağımız dalğalanır. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkə kimi görmək idi. Son üç ildən artıq dövr müstəqillik tariximizə Zəfər səhifələrinin yazılması ilə diqqətdədir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız böyük  sevinc hissi ilə doğma yurd-yuvalarına qayıdırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə Xocalı şəhərinə köçmüş sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etməsi qayıdışın növbəti ünvanı oldu. Beləliklə, 1993-cü ilin 15 iyunundan başlanan qurtuluş tarixi həm də müasir, güclü və müstəqil Azərbaycanın carçısı oldu.

 

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var