Modern.az

Cərimələrin artırılması qayda pozuntularını azaldacaq? - Ekspert və deputat fərqli fikirdədir

Cərimələrin artırılması qayda pozuntularını azaldacaq? - Ekspert və deputat fərqli fikirdədir

Aktual

13 İyun 2024, 16:40

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə bir sıra cərimələrin artırılması nəzərdə tutulub. Bu dəyişikliklərdə aşağıdakı cərimələr nəzərdə tutulub:


- Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat cərimə ediləcək - hazırda 40 manatdır.

- Qanunsuz parklanma yeri yaradanlar 2 min manat cərimə olunacaq.

- Parklanma yerində pul ödəmədən gedənlər məsuliyyətə cəlb olunacaq - əvvəl 10 manat cərimə edilirdi.

- Xidməti parklanma yerində maşın saxlayanlar 40 manat cərimə olunacaq.

- Çəkisi 3.5 tondan çox olan avtomobillər parklanmaya görə 20 manat cərimə olunacaq - əvvəl 10 manat idi.

- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılaraq 60 manata qaldırılır - əvvəl 10 manat idi.

- Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar 20 manat cərimələnəcək - əvvəl 10 manat idi.

- Velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat cərimələnəcək.

- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat cərimə tətbiq olunacaq - əvvəl 100 manat idi, hadisə təkrar törədilərsə 400 manat cərimə olunacaq - əvvəl 300 manat idi.


Cərimələrin artırılması hər kəs tərəfindən müsbət qarşılanmayıb. 

 

Beləliklə, cərimələrin artırılması qayda pozuntularının azalmasına gətirib çıxaracaqmı?

 

Mövzu ilə bağllı Modern.az-a danışan milət vəkili Rüfət Quliyev bildirib ki, deputatlar tərəfindən də bu suallar dövlət qurumlarına verildikdə cavab olaraq bildirilir ki, artırılan cərimələr qayda pozuntularının azalmasına gətirib çıxaracaq:

 

“Suallarımıza eyni cavab verilir. Ona görə də mənim üçün hansısa fikir bildirmək çətindir. Düşünürəm ki, cərimələrimn artırılması da qayda pozuntularının qarşısını almaq üçün bir yoldur. Cərimələrin artması yol nəqliyyat hadisələrinin 50-70%, olmasa da 35-40% qarşısını qarşısını alır. Bu hal içkili formada avtomobil idarə etmək, qırmızı işıqda keçmək, digər ciddi qayda pozuntularının qarşısının alınmasına kömək edir. Sürücülərin bir çoxu artıq daha ehtiyatlı davranır. Mövzu ilə bağlı qəti fikir bildirmək çətindir, amma düşünürəm ki, bu məntiqli qərardır. Bəlkə də bu nizam-intizamın təmin edilməsinə kömək etdi”.

 

Millət vəkili bildirib ki, sözügedən məsələnin statistikasını çıxarmaq lazımdır:

 

“İlkin olaraq baxdıqda cərimələrin artırılmasının qayda pozuntularına müəyyən qədər təsir göstərdiyi hiss olunur. Hər gün gedib-gəldikcə qayda pozuntularının azalmasına şahid oluram. Cərimələr artırılandan sonra bunun statistikası aparılmalı və ictimaiyyətə açıqlanmalıdır. Görsək ki, cərimələr tətbiq olunandan sonra qayda pozuntuları kifayət qədər, 35-45%-ə qədər azalıb, o zaman demək ki, bu işləkdir. Bununla yanaşı sosial şəbəkələrdə və televiziyada təlimat keçirilməli, video çarxlar hazırlanmalıdır, maarifləndirmə işləri aparılmalıdır”.

 

Tanınmış, hüquqşünas Ərşad Hüseynov deyib ki, cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil.

 

“Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır. Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil... Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?.. Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var", - o qeyd edib.

 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dağıdıcı zərbələr-Bu yerlər vurulur