İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür.
2005-ci ilin mayında Cenevrədə keçirilən Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.
Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir. Həmin günlə əlaqədar keçirilən tədbirlərdə BMT-yə üzv olan 193 dövlət, 186 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyəti, həmçinin onlarla könüllü donor təşkilatları və dünyanın müxtəlif ölkələrindən çoxlu qanköçürmə mütəxəssisləri iştirak edir.
Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.
Modern.az bu gün münasibətlə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət edib.
Mərkəzdən verilən məlumata görə, dünyada hər 4 saniyədən bir 1 insana qan ehtiyac yaranır:
“Qanın yeganə mənbəyi insandır. Onun heç bir əvəzedici preparatı yoxdur. Elmi tədqiqatlara görə hər 5 nəfərdən sadəcə 2 nəfəri qan verə bilir. Aşağı yaş həddi – 18, yuxarı yaş həddi – 65 olan fiziki tam sağlam şəxslər qan verə bilər. Bizim daima könüllü qan donorlarına ehtiyacımız var.2. İldə bir və ya bir neçə dəfə qan vermək bir çox insan üçün həyat ümidi ola bilər. Hər gün müxtəlif qəzalar, xəsarətlər və əməliyyatlar baş verir. Bu nöqtədə qan ehtiyacı əhəmiyyət kəsb edir. Qeyd edək, ki bu xəstənin xilas olub yaşaması üçün qan lazım olduğu unudulmamalıdır. Qan və qan komponentləri irsi qan xəstəliklərdən (talassemiya, hemofiliya, və s.) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə, ağır anemiyası olan pasiyentlərə, hamiləlik və doğuşla əlaqəsi qanaxması olan qadınlara, qan və sümük illiyi xəstəliklərdən əziyyət çəkən xəstələrə, fövqəlada hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəstələrə, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə sərf olunur”.
Məlumatda qeyd edilib ki, eyni zamanda ölkəmizdə 1500 dən çox talassemiyalı pasiyentlərə hər 2-3 həftədən bir qan köçürülür:
“Qanın istifadə müddəti 42 gündür, qan çatışmazlığı həyatları qandan asılı olan irsi qan xəstələri və təcili əməliyyata ehtiyacı olanların həyatda qalmaları üçün risk yaradır. 2023-cü ildə 93456 nəfər qan verib”.
Rəşid Qarayev