Modern.az

Gələcək nəsillər üçün mənəvi miras - ŞƏRH

Gələcək nəsillər üçün mənəvi miras - ŞƏRH

14 İyun 2024, 15:36

Tarixdə iz qoyan, əbədiyaşarlıq qazanan mühüm sənədlər var ki, onların imzalandığı zaman və məkan həmişə böyük mənəvi məzmun və əhəmiyyət kəsb edir. İllər sonra gələn nəsillər bu tarixi və ərazini öyrənərkən məsələnin mənəvi mündəricəsini və mahiyyətini daha dərindən dərk edirlər. Bu baxımdan 2021-ci ilin 15 iyun tarixi milli düşüncəmizdə və təqvimimizdə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirilir.

 

Müstəqillik tariximizdə ilk dəfə olaraq xarici dövlət başçısının səmasında azadlıq bayrağı dalğalanan Qarabağda qarşılanması, Azərbaycan və Türkiyə liderlərinin Türk dünyasının mənəvi paytaxtı Şuşada gerçəkləşən görüşü, Azərbaycan və Türkiyə arasında müttəfiqlik müqaviləsinin imzalanması 15 iyunu tariximizin ən yaddaqalan günlərindən birinə çevirdi. Bu əlamətdar hadisələrin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır sınaqlarından xilas etdiyi Milli Qurtuluş Gününə təsadüf etməsi bu tarixə ikiqat əlamətdarlıq qazandırır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

O qeyd edib ki, bölgə üçün mühüm əhəmiyyət daşıyan Bəyannamənin imzalandığı həmin gün bütün dünyanın nəzərləri Şuşada idi. Torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatları uğurla başa çatdırmış, “dəmir yumruq”la düşmənin başını əzmiş, işğalçı ölkənin ordusunu darmadağın etmiş Azərbaycan dövləti bu dəfə diplomatik müstəvidə yeni bir qələbəyə imza atırdı.

 

Xüsusən də, Şuşa Bəyannaməsində “Azərbaycana hücum Türkiyəyə, Türkiyəyə hücum isə Azərbaycana hücum kimi qiymətləndiriləcək” fikrinin öz əksini tapması Türkiyə ilə Azərbaycanın “bir millət – iki dövlət” amalı ilə birləşdiyini göstərirdi.

 

“Prezident Ərdoğanın Azərbaycan Milli Məclisindəki çıxışında səsləndirdiyi “Azərbaycanın taleyi bizim taleyimizdir” fikri məzmun və məna etibarilə vahid millət olmağımızın emosional özünüifadəsidir.

 

Şuşa Bəyannaməsinə atılan imzalar ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığın təsdiqinə atılan imzalar idi.

 

Tarixi Qars müqaviləsinin imzalanmasından düz 100 il sonra eyni gündə Şuşa Bəyannaməsinin imzalanması rəmzi məna daşıyır. Bir əsr əvvəl bağlanan, Qarabağ və Zəngəzur üçün çox vacib əhəmiyyət daşıyan Qars müqaviləsi də bölgədə baş verən gərgin siyasi proseslər zəminində imzalanmışdı. Onda da dünyanın böyük dövlətləri bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar. Tarix yenə də təkrar olunur. İndi də beynəlxalq güclər regionu ələ keçirmək uğrunda açıq-gizli mübarizə aparırlar. Lakin bir əsr əvvəlki mənzərədən mühüm fərq budur ki, indi bölgədə əsas qaydaları diktə edən Azərbaycan və Türkiyədir. İndi regionun bu gününü də, sabahını da, gələcəyini də müəyyən edən, bütün maraqlı tərəfləri sülhə və qarşılıqlı əməkdaşlığa çağıran və bölgənin mövcud imkanlarını bütün dünyanın üzünə açan məhz Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallığı iki qardaş ölkə birlikdə formalaşdırır. Bölgədə təhlükəsizliyə, inkişafa, insanların rifahına xidmət edən bu siyasətin, bu reallığın alternativi yoxdur. Şuşa Bəyannaməsinin imzalanmasına qədər Azərbaycan və Türkiyənin birlikdə atdığı strateji addımlar və bu Bəyannamənin imzalanmasından sonra həyata keçirilən birgə tədbirlər bölgəmizdə yeni geosiyasi konfiqurasiya yaradır. Bu, 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların yenidən dizayn edilməsi və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında idarə olunub yönəldiləcək yeni regional düzənin ilkin mənzərəsidir”, - deyə C.Feyziyev bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu mənzərəni bölgədə geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla, abadlıqla və quruculuqla formalaşdırır. Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilən enerji və nəqliyyat layihələri böyük Avrasiya məkanında dövlətlər və xalqlar arasında çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

 

“Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmayıb. Ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüz illər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması baxımından Şuşa Bəyannaməsi tarixi əhəmiyyətə malik bir sənəddir. Dünyada baş verən son proseslər də göstərir ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün hətta ortaq dil, mədəniyyət və tarix kimi amillər də yetərli deyil. Rusiya-Ukrayna savaşı bunun bariz nümunəsidir. Belə taleyüklü məsələlərdə tarixi proseslərin düzgün təhlili, perspektivlərin doğru dəyərləndirilməsi, strategiyanın dəqiq müəyyənləşdirilməsi və nəhayət, qarşılıqlı etimada söykənən qardaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək üçün milli iradənin cəsarətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə liderləri məhz bunu etdilər”, - deyə C.Feyziyev vurğulayıb.

 

Türkiyə-Azərbaycan birliyinin cazibədarlığının Türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malik olduğunu deyən deputat əlavə edib: “Azərbaycanla Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqlarda da Türk dünyasının gələcəyinə böyük ümidlər yaradıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri siyasi, iqtisadi, mənəvi, ideoloji istiqamətlərdə Türk dünyasının birliyə doğru inteqrasiya proseslərini canlandırdı. Bəyannamə iki ölkə arasında imzalansa da, əslində bu sənəd bütövlükdə bölgənin və Türk dünyasının gələcəyinə işıq salır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsini və münasibətlərimizin ən yüksək zirvədə olduğunu təcəssüm etdirən Şuşa Bəyannaməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan – bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsidir. Şuşa Bəyannaməsi gələcək nəsillərimiz üçün ən qiymətli mənəvi mirasdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq