Modern.az

BSU-da \"Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları\" konfransı - FOTOLAR

BSU-da \

14 İyun 2024, 15:48

İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib. Beynəlxalq konfransda Serbiyanın, Bolqarıstanın, Albaniyanın, Şimali Makedoniyanın tanınmış alim-mütəxəssisləri, Azərbaycanın dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, COP29-un Təşkilat Komitəsinin üzvü, ADA Universitetinin, Bakı Dövlət Universitetinin (BDU),  Azərbaycan Dillər Universitetinin (ADU), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT), Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin (CQAM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyev konfransın " Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar" adlanan 1-ci panelini giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor A.Nağıyev bugünkü konfransın Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusu genişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etməsinin xüsusi rəmzi məna və əhəmiyyət daşıdığını  vurğulayıb. Rektor qeyd edib ki,  konfrans cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü ilin Azərbaycan Respublikasında elan edilmiş " Yaşıl dünya naminə həmrəylik ili " nin yüksək əhvali-ruhiyyəsi çərçivəsində BSU-nun müvafiq tədbirlər planına uyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biridir. Konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyi çərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıq məsələlərinin öyrənilməsindən ibarətdir. 

 

Rektor A.Nağıyev diqqətə çatdırıb ki,  konfransın 1-ci panelinin hədəfləri yaşıl dünya naminə  xarici siyasət və əməkdaşlıq, Balkan ölkələri ilə əlaqələr, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29 və dünyanın gələcəyi, Azərbaycanın sülh çağırışı, enerji təhlükəsizliyi məsələləri, respublikamızın Balkan ölkələri ilə ənənəvi enerji və alternativ enerji məsələlərində əməkdaşlığı, Serbiya və Bolqarıstan timsalında əməkdaşlığın əhatəliliyi və əlaqələrin inkişafında parlamentlərin roludur. Rektor A.Nağıyev konfransın keçirilməsinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikası Energetika Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

 

Çıxışında  BSU-nun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən rektor universitetdə müxtəlif slavyan xalqlarının dillərinin, mədəniyyətlərinin və ölkəşünaslığın tədris edildiyini, regionşünaslıq ixtisaslarında bir sıra regionlar üzrə, o cümlədən Balkanşünaslıq ixtisası üzrə kadrların hazırlandığını, 2024-cü ildə universitetdə Balkanşünaslıq kafedrasının yaradıldığını, Bolqarıstan, Yunanıstan və Türk araşdırma mərkəzlərinin bu istiqamətdə inkişafda rolunun artdığını, növbəti tədris illərindən serb, rumın və alban dillərinin tədrisinin planlaşdırıldığını, bütövlükdə Balkan regionunun BSU-nun  təhsil proqramlarının hədəfində dayandığını diqqətə çatdırıb. Bildirilib ki, BSU-da Balkan regionunun dilləri, ədəbiyyatı, mədəniyyətləri öyrənilir. Tərcümə və regionşünaslıq ixtisaslarında dillərin öyrənilməsi BSU-nun əsas hədəflərindən biridir. Bu il universitetdə Bolqarıstan dili və tədrisi mərkəzinin yaradılmasının 20 ili tamam olur. Balkanşünaslıq üzrə qəbul dinamikası hər il yüksək olur, doktorantura səviyyəsində elmi tədqiqatlar aparılır. Rektor vurğulayıb ki, “Birinci Balkanşünaslıq Tədqiqatları” konfransının məqsədi bu sahədə tədqiqat istiqamətlərini müəyyən etmək və bu istiqamət üzrə alim və tədqiqatçıların davamlı müzakirə platformasını təşkil etməklə yanaşı, elmi diskursu daha da genişləndirməkdir. Hədəf isə Cənubi Qafqaz və daha geniş cooğrafiyada Balkanşünaslıq tədqiqatları üzrə ən mühüm və dayanıqlı konfrans pıatformasının formalaşdırılıb müvafiq tədqiqat və nəşrlərin həyata keçirilməsidir. “Slavyanşünaslıq üzrə regionun birinci universiteti” sloqanı ilə inkişaf edən BSU regionda Balkanşünaslıq tədqiqatlarının mükəmməl mərkəzi olaraq bu mövqeyini qorumaqda israrlıdır. 

 

Çıxışının sonunda rektor A.Nağıyev Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasında enerji diplomatiyası vasitəsilə regional təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsinin mühüm yer aldığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın tarixinə Qarabağın xilaskarı kimi daxil olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizin liderliyi ilə regionda sülhün bərqərar olmasına edilən cəhdlər və regional əməkdaşlıq üçün açılan imkanlar yüksək tarixi əhəmiyyətə malikdir.

 

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri barədə danışaraq bildirib ki, ölkəmizin bu sahədə müsbət təcrübəsi var. Respubliikamızda bərpa olunan enerji ehtiyatları ilə bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Azərbaycanın böyük potensialı dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. C.Abdullayev vurğulayıb ki, bərpa olunan enerji ehtiyatlarından istifadədə ixrac məsələlərinə xüsusi diqqət yetirilməsi iqtisadi baxımdan önəmli rol oynayır.

 

Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı çıxışında bildirib ki, BSU-nun təşkilatçılığı ilə  Balkanşünaslıq mövzusunda ilk beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycan ilə Balkan ölkələri arasında əlaqələr bütün sahələrdə genişlənib və keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçımız İlham Əliyevin uzaqgörənliyi, yürütdüyü strateji xətt, gerçəkləşdirdiyi innovativ layihələr sayəsində Azərbaycanla Şərqi və  Mərkəzi Avropa ölkələri, eləcə də bütün  Avropa arasında ciddi əməkdaşlıq əlaqələri qurulub. Ölkəmizdə keçiriləcək COP29 sülhə, əmin-amanlığa, əməkdaşlığa, həmrəyliyə xidmət edir.

 

“Serbiya-Azərbaycan münasibətləri: təhlükəsiz, dinc və yaşıl gələcək naminə əlaqələr" mövzusunda çıxış edən Serbiyanın Strateji Araşdırmalar Forumunun rəhbəri Neven Tsvetichanin müasir dövrümüzdə sabit, təhlükəsiz dünyanın bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.

 

Milli Məclisin deputatı, COP 29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərin keçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsi müstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanın qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan Azərbaycanın COP29-u keçirməsi dünya birliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalq tədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələr verəcəkdir.
Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azad edilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır.

 

Bolqarıstanın Plovdiv Universitetinin professoru Valentin Petrussenko “Universitet təhsili sistemində ekoloji gündəmin əhəmiyyəti” adlı çıxışında ekoloji sabitliyin qorunması sahəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. V.Petrussenko çıxışında BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını yüksək qiymətləndirib.

 

Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin rəhbəri Fərhad Məmmədov texnologiyaların sürətli inkişafı nəticəsində dünyada yeni trendlərin yarandığını
və Azərbaycanın bu trendlərə qoşulduğunu qeyd edib. Nəzərə çatdırıb ki, ölkəmiz son illər qlobal məsələlərin müzakirələrinin  keçirildiyi mərkəzə çevrilib və COP29-u keçirməklə bu sahədə daha böyük təcrübə qazanacaqdır. 

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev son illər BSU-nun xarici siyasət məsələlərin müzakirələrində fəal iştirak etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji ilə təmin edilməsində fəal iştirak edir və bu istiqamətdə mühüm addımlar atılır. C.Vəliyev ali təhsil müəssisələrində Balkan ölkələri üzrə ekspertlərin yetişdirilməsinin vacibliyini vurğulayıb.
 

Sonra konfrans “Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələr” adlı 2-ci paneldə işini davam etdirib. Bu paneldə müasir dövrdə Azərbaycanla Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin keyfiyyətçə yeni mərhələyə daxil olması, Balkanlarda Türk dilinin öyrənilməsi məsələləri və digər vacib mövzular haqqında maraqlı çıxışlar edilib, səmərəli müzakirə aparılıb və əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.

 

Qeyd edək ki, konfransda Şimali Makedoniyanın Skopye Müqəddəslər Kiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının Serb Dili İnstitutunun  Lüğətlər departamentinin direktoru Mariya Jinjiç, Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlana Mustafayeva və digər tanınmış alimlər də  iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq