Modern.az

Azərbaycan xalqı Qurtuluşunun banisini unutmur...

Azərbaycan xalqı Qurtuluşunun banisini unutmur...

Aktual

14 İyun 2024, 16:22

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.


"Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 1987-ci ildə Heydər Əliyev Mixail Qarbaçov tərəfindən yeridilən siyasətə etiraz olaraq öz vəsifəsindən istefa verib. Elə bununla da Azərbaycan xalqı üçün böhranlı günlər başlayıb. 1988-1993- cü illər ölkədə hakimiyyət böhranının ən yüksək həddə çatdığı, xaos və anarxiyanın bütün Respublikanı bürüdüyü dövr kimi yaddaşlarda qalıb. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma həm dövlət müstəqilliyimizi, həm də milli varlığımızı itirmək təhlükəsi yaratmışdı.. Tarixinin Qanlı 20 yanvar kimi hüznlü, ancaq bir o qədər də qəhrəmanlıq dolu bir səhifəsini çevirmiş Azərbaycan 1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında  Konstitusiya Aktını  qəbul edərək öz müstəqilliyini bərpa etdiyini  elan etmişdir.  Bu bir tarixi həqiqətdir ki, müstəqilliyi əldə etməkdən daha çətin olan , onu qorumaq, əbədi, sarsılmaz etməkdir. Təəssüf ki, bu dövr hakimiyyətdə olan şəxslər öz aralarındakı hakimiyyət uğrunda gedən mübarizə səbəbi ilə dövlət idarəsini itirmişdilər . Elə bunun nəticəsidir ki, Azərbaycan tarixinin ən əzablı dövrlərini yaşamış,  20 faiz ərazisini itirmiş , günahsız insanlar həlak olmuşdur. 1992-ci ilin yayında erməni işğalının daha da sürətlənməsi, özbaşınalıq, siyasi hərc-mərclik, AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəsindəki təcrübəsizliyi , mərkəzi hakimiyyətin yerlərdə zəifliyi, hərbi müxalifətin yaranması xalqın mübarizə əzminə böyük zərbə vurmuşdur. Xalqın bir yumruq kimi birləşib düşmənə qarşı müqavimət göstərməli olduğu bir vaxtda hərbi və siyasi müxalifət hakimiyyəti ələ almağa, mövcud iqtidar isə nəyin bahasına olursa olsun öz hakimiyyətini qorumağa çalışırdı.  Bütün bunlar ölkəni vətəndaş müharibəsi astanasına qədər gətirib çıxarmış,  Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

 

Məhz belə bir dövrdə 9 iyun 1993-cü ildə Heydər Əliyev xalqın çağırışına səs verərək  Bakıya qayıtdı. Ulu Öndər bir an belə tərəddüt etmədən bu məsuliyyətli vəzifəni öz üzərinə götürdü ,  onun öhdəsindən şərəflə gələrək  xalqın əsl xilaskarı , qurtuluşu oldu",-o deyib.

 

Komitə sədri vurğulayıb ki, 15 iyun 1993-cü il Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi xalqımız üçün əsl qurtuluş anı kimi tarixə həkk olunub:

 

"1993-cü il oktyabrın 3-də xalq öz xilaskarını, Prezidentini seçdi. Andiçmə mərasimindəki nitqində: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” deyən Ulu Öndər  ölkədə vətəndaş həmrəyliyini dövlət idarəçiliyinin başlıca prioriteti hesab edirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Xalqın Heydər Əliyevə olan inamı möhkəm və sarsılmaz olduğundan, Azərbaycan xalqına, Vətəninə sonsuz və təmannasız sevgi ilə bağlı Ulu Öndər həqiqətən də, qısa vaxt ərzində ölkədə sabitliyə, vətəndaş həmrəyliyinə nail oldu.Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkədə siyasi islahatların təməli qoyuldu,  çoxpartiyalı sistem yarandı,  demokratik idarəetmə sistemi formalaşdırıldı, ilk parlament seçkiləri keçirildi, müstəqil dövlətimizin ilk  Konstitusiyası qəbul olundu.  Beləliklə, insanların öz dövlətinə, dövlət başçısına inamı bərpa edildi.Ali Baş Komandan Qarabağ müharibəsində atəşkəsə nail olaraq, düşmən təcavüzünü dayandırdı.  Ölkədə qanunsuz silahlı qruplaşmalara son qoyuldu , dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Asayiş və qayda- qanun bərqərar edilərək, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Şübhəsiz ki, Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən biri də məhz Azərbaycan Ordusunun memarı olmasıdır. Xalqını sevən və onun yenidən müstəqillik qazanacağına əmin olan Ümummilli lider hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli hərbi kadr hazırlığı, hərb sənətinin  güclənməsi, hərbi kadrların hazırlanması, zəngin hərb tarixinin öyrənilməsi məsələlərini hər zaman diqqət mərkəzində saxlamışdır, müstəqil Azərbaycana rəhbərliyi dövründə də kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdırmış, Azərbaycan Ordusunu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çeviirib.

 

Həmin dövrdə Azərbaycanda iqtisadi dirçəlişin də əsası qoyuldu. Ulu Öndərin rəhbərliyi ilə əsrin müqaviləsi adlandırdığımız, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinliyində  yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə müqavilə bağlandı və Azərbaycan nefti dünya bazarına çıxarıldı. Müstəqilliyini yenicə bərpa etmiş, torpaqlarının iyirmi faizi düşmən işğalında olan, hərbi əməliyyatların yenidən başlaması təhlükəsi olan bir dövlətə xarici dövlətlərin və şirkətlərin belə böyük bir layihədə külli miqdarda investisiya qoymasına tək səbəb dahi Heydər Əliyevin beynəlxalq nüfuzu, gücü, ona olan böyük inam və hörmət idi.Ulu Öndərin tarixi xidmətlərindən biri də müstəqil Azərbaycanın ən uğurlu şəkildə dünya birliyinə inteqrasiyasının təmin edilməsi olmuşdur. Danılmaz həqiqətdir ki, “Bir millət iki dövlət” şüarı ilə Türkiyə Respublikası ilə qardaşlıq münasibətlərimizin formalaşmasının banisi Ulu Öndər olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasi fəaliyyət nəticəsində qonşu dövlətlər Rusiya, İran, Gürcüstan ilə dostluq əlaqələri ABŞ, Birləşmiş Krallıq və dünyanın digər güc mərkəzləri ilə diplomatik əlaqələr qurulmuş, beynəlxalq təşkilatlarla çoxşaxəli qarşılıqlı əlaqələr yaranıb".

 

Z. Əsgərov qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri layiqli varis, davamçı, qətiyyətli lider yetişdirməsi olub:

 

"Ulu Öndərin ən böyük arzusu Azərbaycanın işğal altında olan ərazilərini öz sahibinə qaytarmaq  və  Vətənini bütöv görmək idi. Heydər Əliyev məcburi köçkünlər qarşısındakı çıxışlarından birində demişdir:  “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də sonrakı dövrlərdə Azərbaycanın inkişaf yolunda büdrəmədən, dönmədən, əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, davamçı, qətiyyətli lider yetişdirməsi olub.Ümumilli liderimiz Heydər Əliyevin siyasi irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məsələsini dövlət siyasətinin başlıca vəzifəsi kimi diqqət mərkəzində saxlamışdı. Cənab İlham Əliyev diplomatik, hüquqi , siyasi yollarla yanaşı, lazım gələrsə hərbi yolla ərazi bütövlüyümüzün bərpasını təmin etmək üçün bu sahələrin hər birinə ayrı-ayrılıqda çox böyük əhəmiyyət vermiş və görülən işlərə xüsusi nəzarət etmişdir. Məhz onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial sahələrlə yanaşı, beynəlxalq aləmdə də böyük uğurlar qazanmağa davam edir,  yeni tariximizin şanlı səhifələri yazılır. Məhz bu layiqli davamçı-cənab Prezident İlham Əliyev 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə adını əbədi həkk etdirmiş, Azərbaycan dövlətini tarixinin ən qüdrətli zirvəsinə yüksəltmişdir. Bununla da cənab Prezident həm də Ulu Öndərin ən böyük arzusunu, özünün  də dediyi kimi ata vəsiyyətini həyata keçirmişdir. O, 2020 – ci il 8 noyabrdakı çıxışında demişdir : “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” 2021- ci il 15 iyun tarixində  “Azərbaycan Respulikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” in imzalanması bu günün önəmini ikiqat artırmışdır. Beləliklə, bu tarixi önəm daşayan Bəyannamə ilə ilər öncə Ulu Öndərin təməlini qoyduğu “Bir millət iki dövlət” fəlsəfəsi, Ali Baş Komandanın təşəbbüsü ilə özünün ən yüksək zirvəsinə çatıb.Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanımız, Böyük Qayıdışın memarı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş doğma torpaqlarımız abadlaşdırılaraq, tarixi əhəmiyyətli görüşlərin, zirvələrin keçirildiyi, dünyanın ən gözəl məskənlərindən birinə çevriləcək. 

                                                                               

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var