Modern.az

Hacıqabulda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Hacıqabulda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Aktual

15 İyun 2024, 16:09

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yığıncağı giriş nitqi ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.

 

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Onları qarşıdan gələn Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib, göstərilən diqqət və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. Bir daha qürur hissi ilə tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər, düşmənin  torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və  ədalətlə həll edilməsi yalnız ölkəmizdə deyil,  yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olub. 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyytlarında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca işğaldan azad olunmuş torpaqlarımızda böyük vüsətlə quruculuq işləri gedir, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada və digər şəhərlərdə böyük əhəmiyyətə malik olan yerli və beynəlxalq tədbirlər keçirilir. Natiq, həmçinin, vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa və quruculuq işləri  Azərbaycan dövlətinin qüdrətini, ölkə rəhbərliyinin siyasi qətiyyətini və xalqımızın əzmkarlığını göstərir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların inşa edilməsi, “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları hər kəsdə yüksək qürur hissi və bütün torpaqlarımızda çox zəngin mədəni həyat, yüksək sosial-iqtisadi tərəqqi olacağına qəti əminlik yaradır. Azərbaycan Ağsaqqallar Şurasının gördüyü işlər barədə də ətraflı məlumat verən Əhliman Əmiraslanov bildirib ki, hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsini cəmiyyət arasında təbliğ Şura öz fəaliyyətini 2023-cü il - “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçirib.  Daim dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları bu il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Təbliğat-təşviqat, o cümlədən səsvermə prosesində fəal iştirak edərək Azərbaycanın alternativsiz Prezidenti, qalib xalqın qalib Lideri cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər. Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində  Qazaxın 4 kəndinin qaytarılmasından, tanınmış ictimai-siyasi xadimlərin, dövlət başçılarının Azərbaycana olan işgüzar və səmərəli səfərlərindən və digər nailiyyətlərimizdən də bəhs edib, COP29 kimi möhtəşəm bir tədbirin Bakıda keçirilməsini Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunun daha bir sübutu kimi dəyərləndirib.

 

Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov 2023-2024-cü il ərzində Hacıqabul rayon Ağsaqqallar Şurasının gördüyü işlər barədə tədbir iştirakçılarını məlumatlandıraraq  bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Rayon ağsaqqalları Əmrah Süleymanov, İbrəhim İbrəhimov, Bəyməmməd İsmiyev çıxış edərək rayon Ağsaqqallar Şurasının illik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq