Modern.az

Azərbaycanda Tibb İşçiləri Günüdür - Şəhid həkimlərimiz yad olunur

Azərbaycanda Tibb İşçiləri Günüdür - Şəhid həkimlərimiz yad olunur

17 İyun 2024, 09:48

Bu gün - iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Modern.az-ın məlumatına görə, bu tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin 1918-ci il iyun ayının 17-də imzaladığı qərar Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edilib. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açılıb, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanılıb və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülüb.

Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.

Müasir Azərbaycan səhiyyəsi inkişaf dövrünü yaşayır.

Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur.

Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Son dörd ildə Azərbaycan tibb işçiləri iki sınağdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərib. Digər imtahan isə işğal olunan ərazilərimizin azad edilməsi üçün 44 günlük Vətən müharibəsində yaralananların həyatı uğrunda savaş olub.

44 günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq mərkəzi xəstəxanaların bünövrəsi qoyulub. Həmçinin, TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanasında, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı