Modern.az

Cəmil Həsənlinin “sınıq arabası”

Cəmil Həsənlinin “sınıq arabası”

Aktual

18 İyun 2024, 10:50

Cəmil Həsənli bu günlərdə yazdığım və onun anti-milli mövqeyinə münasibət bildirdiyim məqaləyə cavab olaraq Qurtuluş günündə yazdığı postunda yenə də dondan dona girir. Sovet quruluşunun vəsfinə həsr etdiyi elmi yaradıcılığı haqqında yazdığım iradların üstündən səssiz keçərək, Heydər Əliyevin də sovet sistemində yüksək vəzifələr tutduğunu əsas gətirməklə sanki özünün həmin dövrdəki fəaliyyətinə bəraət qazanadırmaq üçün alibi axtarır. Amma belə manipulyasiyalarla Cəmil Həsənli özünün ikiüzlülüyünü, saxtakarlığını və xainliyini pərdələyib gizlədə bilməz. Heydər Əliyevin sovet sistemində tutduğu bütün vəzifələrdə öz xalqının mənafeyi üçün gördüyü işlər və apardığı siyasət hamıya yaxşı məlumdur və bunun yüzlərlə, minlərlə sübutu var. Faktlar onu göstərir ki, Sovet dövlətinin siyasi iyerarxiyasında tutduğu vəzifələr yüksəldikcə Heydər Əliyevin Azərbaycana və öz xalqına göstərdiyi xidmətlərin həcmi və dəyəri də həndəsi silsilə ilə artıb. 1969-cu ildən 1985-ci ilədək ölkədə baş verən görünməmiş hərtərəfli tərəqqinin məhz Heydər Əliyevin xidməti, fədakarlığı və şəxsi töhfəsi olduğu bütün cəmiyyət tərəfindən qəbul olunmuş reallıqdır. Heydər Əliyevin sovet sistemində çalışdığı o çətin illərdə əldə olunmuş bütün uğurların sıfırlanması və ölkənin hərtərəfli kollapsa və nəhayət vətəndaş müharibəsinə gətirib çıxarılması isə Cəmil Həsənlinin mənsub olduğu siyasi düşərgənin fəaliyyətinin nəticəsi olduğu da hamıya yaxşı bəllidir. Burada fərq hansı sistemdə yaşayıb işləməkdə deyil. Fərq hər bir siyasi, iqtisadi, ideoloji mühitdə mövcud imkanlardan kimin hansı məqsəd və məramlarla istifadə etməsindədir. Heydər Əliyev 60-cı illərdə Sovet İttifaqı içərisində inkişaf cəhətdən ən geridə qalmış bir ölkəni elə həmin imperiyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdi. Cəmil Həsənli və onun məsləkdaşları isə artıq imperiyadan azad olmuş müstəqil bir ölkədə hakimiyyəti ələ keçirdikləri illərdə törətdikləri qanunsuzluqlar, ədalətsizliklər və xəyanətlər nəticəsində Azərbaycanın mövcudluğunu təhlükə altına salmışdılar. Cəmil Həsənli bütün xalqa məlum olan bu həqiqəti etiraf etmək və xalqdan üzr istəmək əvəzinə bu gün bütün istiqamətlərdə Azərbaycanın dövlət siyasətini böyük uğurlarla həyata keçirən İlham Əliyevə irad tutur və onun apardığı siyasətdə səhv tutmağa cəsarət edir. Onun həyasızlığı və utanmazlığı da bundadır. Azərbaycanın türk dövlətləri ilə münasibətlər sahəsində apardığı inteqrasiya siyasətinə irad tutan Cəmil Həsənli bu günkü geosiyasi şəraitdə Azərbaycan Prezidentini Rusiya və İranla düşmənçilik etməməkdə günahlandırır. Avropa və Fransanın bölgəmizdə Azərbaycanın milli maraqlarına qarşı apardığı siyasətin tənqidini isə qəbul etmir və dərhal reaksiya verir. Buradan Cəmil Həsənlinin sovet dövründən fərqli olaraq indi də Avropanın imperialist siyasətinə xidmət etdiyini görməmək mümkün deyil. Sifarişlərin Azərbaycana qarşı təzyiq kampaniyası aparan beynəlxalq qurumlardan alındığı da sirr deyil.

 

Buqələmun kimi gündə bir rəngə boyanan Cəmil Həsənli öz ikiüzlülüyünü və xəyanətini ört-basdır eləmək üçün “qabaqdan gəlmişlik” taktikasını seçib onun əsil simasını göstərənlərə hücum edir. Cəmil Həsənli heç bir rəsmi sənədi oxumadan və orada yazılanların mahiyyətini anlamadan növbəti dəfə məni hədəfə alır. Özü də yaxşı bilir ki, əsasında araşdırma işi açılmış “Azerbaijani Laundromat” məqaləsi heç də korrupsiyaya qarşı mübarizə ilə bağlı olmayıb ölkəmizə qarşı ermənilər və onların Avropalı əlaltıları tərəfindən birlikdə aparılan qarayaxma və şantaj kampaniyasının tərkib hissəsidir. Aydındır ki, hələ Qarabağ münaqişəsinin mövcud olduğu zaman belə bir məqalənin beynəlxalq mediaya çıxarılması ayrı-ayrı şəxslərə qarşı yox, Azərbaycan dövlətinə qarşı aparılan təzyiq siyasətinin sadəcə bir təzahürü idi. Cəmil Həsənli isə bu xəyanət kampaniyasında iştirak edənlərdən biridir. Artıq 5 ildir ki, araşdırma davam etdirilir və Cəmil Həsənlinin mənə irad tutduğu qeyri-qanuni hərəkətləri sübut edən bircə dəlil belə tapılmayıb. Odur ki, hələ də Cəmil Həsənlinin tez-tez istinad etdiyi bu araşdırma işi məhkəməyə göndərilmir. Cəmil Həsənli isə xarab olmuş “plastinka” kimi eyni sözləri təkrar etməkdə davam edir.
Bu gün Azərbaycan sözün əsil mənasında regionda və dünyada söz sahibi olan dövlətlərdən biridir. Keçən hər gün bunu bir daha sübut edir. Bu Cəmil Həsənli kimi xəbis, hiyləgər və satqın ünsürlərin müqavimətinə baxmayaraq əldə olunmuş bir nailiyyətdir.

 

Saxta titulları ilə sadə insanları aldatmağa çalışan Cəmil Həsənlinin nə “İngiltərə professorluğunu”, nə də “Azərbaycan alimliyini” təsdiq edən heç bir adekvat sübutu olmadığı halda kiməsə ağıl vermək mərəzinə tutulub, kimdəsə səhv tutmaq, xüsusilə xalqın və dövlətin taleyi ilə bağlı məsələlərdə yol göstərmək fikrinə düşüb. Hələ də 90-cı illərin havası ilə nəfəs alır. Siyasi mübarizənin sonunda “sınıq araba” ilə qalmış Cəmil Həsənlinin öz ayıblarına kor olub susmaq əvəzinə hələ də dövlətə və dövlət rəhbərlərinin apardığı siyasətə qarşı təbliğat aparması isə siyasi əxlaqsızlıqdır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var