Modern.az

Mal-qara və qoyunların güzəştli sığortası başlayıb

Mal-qara və qoyunların güzəştli sığortası başlayıb

Aktual

18 İyun 2024, 13:46

Kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi genişlənir.

Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da
sığortalamaq mümkündür.

Sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları – qoyun və keçi
təsərrüfatlarını da əhatə edir.

Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə,
ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən
qoruyur.

Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən
zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı
vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.
Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara
uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.

Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki,
2022-ci ildə heyvnaların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910
min manat həcmində sığorta ödənişi edilib.

Qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-
8,2% arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas
cəhəti onun güzəştli olmasıdır.

Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə
fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər.

Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərflən asılı olaraq cəmi
26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın
sığortası isə 130-205 manata başa gəlir.

Xırdabuynuzlu heyvnaların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin
sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.

Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də
qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.

Fermerlər Aqrar Sığorta Fondunın rəsmi internet səhifəsinə (//asf.gov.az/heyvandarliq)
daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala,
heyvanlarını sığorta etmək üçün tələb olunan sığotrta haqlarını kalkulyator
(//asf.gov.az/heyvandarliq-sigartasi-kalkulyatoru) vasitəsilə özləri də hesablaya bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var