Modern.az

Musa Qasımlı: “Biz heç kilsəyə də ayaqqabı ilə girmirik, ermənilər isə...” - FOTO

Musa Qasımlı: “Biz heç kilsəyə də ayaqqabı ilə girmirik, ermənilər isə...” - FOTO

Aktual

21 İyun 2024, 10:11

Əvvəl heykəlləri güllələyib, sonra yarım milyon dollara satıblar

 

Azərbaycanın 20 faiz torpağını düz 30 il işğal altında saxlayan Ermənistan təkcə dinc əhalini qətlə yetirməyib, o cümlədən şəhərləri viran qoyub, çoxəsrlik tarixi-dini abidələri, məbədləri dağıdıb. Ən qədim insan məskənlərindən olan Azərbaycanın zəngin mədəni irsini, tarixi keçmişini saxtalaşdırmağa cəhd edib, bəzi qədim abidələri dünyaya özününkü kimi təqdim edib.

 

XİN: 700-dən çox tarixi abidə məhv edilib

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv və talan edilib.

 

İşğal olunan ərazilərdə ölkə əhəmiyyətli memarlıq abidələrinə Laçında yerləşən VI əsrə aid Alban Ağoğlan monastırı, XIV əsrin Məlik Əjdər türbəsi, dəmir və tunc dövrlərinə aid kurqanlar, Xocavənddə IV əsrin Alban Amaras monastırı və nəzərəçarpan sayda Alban məbədləri, Şuşada XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, tunc və dəmir dövrlərinə aid daş qutu qəbirlər, daş dövrünə aid mağara və digər qədim tarixi abidələr, Ağdamda XIX əsrin məscidi, Füzulidə Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə kimi arxeoloji qazıntılar, Neolit və Tunc dövrlərinə aid yaşayış məntəqələri və digər mədəni irs nümunələri daxildir. Bu tarixi abidələrin bir qismi dağıdılıb, bir qismi isə “erməniləşdirilib”.

 

Unikal kolleksiyalar talan edilib

 

XİN-dən bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində dünya əhəmiyyətli memarlıq və arxeoloji abidələri də var. Bu abidələrin böyük əksəriyyəti ermənilərin vandal əməllərinə məruz qalıb: “İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirərək onun İran abidəsi olduğu iddia edilib. Cəbrayılda Tunc dövrünə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Niftəli kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Alban Gəncəsər və Xudavəng monastırları, Ağdamda Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi və Üzərliktəpə yaşayış məntəqəsi, Xocavənddə Paleolit dövrünün Azıx və Tağlar mağaraları və Xocalıda Tunc və Dəmir dövrlərinin kurqanları kimi mədəni irs nümunələri də zərər görən dünya əhəmiyyətli abidələrdəndir”.

 

Bundan başqa, işğal dövründə Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətli daşlar, xalça və digər əl işlərindən ibarət unikal kolleksiyaya malik Tarix, Şuşa muzeyləri, Laçın, Ağdam tarix muzeyləri, Çörək muzeyi və digərləri də məhv edilib, talan edilib və onların eksponatları müxtəlif ölkələrdə satışa çıxarılıb: “Məsələn, Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min dollara satılıb”.

Ermənilərin güllələdiyi heykəllər onlardan pulla geri alınıb

 

Ermənilər təkcə günahsız insanlara deyil, həm də cansız heykəllərə güllə atıblar. 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı Azərbaycanın 3 dahi şəxsiyyətinin – tanınmış bəstəkar Üzeyir Hacıbəylinin, ifaçı Bülbülün və şairə Xurşidbanu Natəvanın vaxtilə Şuşanı bəzəyən büstlərini müxtəlif hissələrdən güllələyiblər. Daha sonra onları əridib satmaq məqsədilə özləri ilə aparıblar. Heykəllər Gürcüstanda metal parçası kimi satılmaq üzrə olub, lakin bundan xəbər tutan Azərbaycan hökuməti onları 500 min dollar qiymətinə alaraq, Bakıya gətirib. “Güllələnmiş heykəllər” adlandırılan büstlər illərlə Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş etdirilib. Bu heykəllər təxminən 30 il sonra öz yurduna – doğma Şuşa şəhərinə geri qaytarılıb. 

 

Tarixçi: “Ermənilər tarix boyu dini abidələrimizi təhqir ediblər”

 

Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı deyir ki, ermənilər tarix boyu Azərbaycanın qədim məbədlərini mənimsəyiblər: “Onlar işğal müddətində heç bir tikinti işi aparmayıblar, əksinə hər şeyi dağıdıblar, yerlə-yeksan ediblər. Elə yerlər var ki, oranı kol-kos basıb, ümumiyyətlə nə zamansa orada yaşayışın olduğu bilinmir. Bu, vandalizmin, vəhşiliyin bariz nümunəsidir”.

 

M. Qasımlının sözlərinə görə, ermənilərin Azərbaycanın məscidlərini də darmadağın etməsi onları necə barbar olmasından xəbər verir: “Məscid Allahın evidir. Ölkəmizdə Allahın evi sayılan kilsələr, sineqoqlar daim dövlət tərəfindən qorunur və inşa edilir. Hətta Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı illərdə belə Bakıda erməni kilsəsi qorunurdu. Ermənilər isə tarix boyu bizim dini abidələrimizi təhqir ediblər”.

Donuz tövləsinə çevrilən məscidlər...

 

Tarixçi deyir ki, dini abidələri təhqir edən ermənilər Ağdam Cümə məscidində donuz saxlayıblar. Qubadlının Məmər kəndindəki XVIII əsrə aid məscid, həmçinin 1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində inşa edilən Şah Abbas məscidi də dağıdılaraq heyvan tövləsinə çevrilib: “Biz heç kilsəyə də ayaqqabı ilə girmirik. Məscidi donuz tövləsinə çevirmək olar? Bunu özlərini yüksək pafosla mədəni adlandıran millət edib. Ona görə də ermənilərin müasir dünyada qətiyyən mədəniyyətdən, demokratiyadan, insanlıqdan danışmağa mənəvi haqları yoxdur”.

 

Mədəniyyət Nazirliyi: “İnventarlaşdırılmadan sonra müvafiq tədbirlər görüləcək”

 

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edəm Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad edib. Elə həmin ilin oktyabr ayında ölkə prezidentinin fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərdə daşınmaz tarix və  mədəniyyət abidələrinin inventarlaşdırılması ilə bağlı müvafiq işlərə başlanılıb.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın sözlərinə görə, monitorinqlər zamanı ermənilərin xristian dini abidələrini mənimsəməyə cəhd göstərmələri ilə bağlı faktlar aşkar olunub: “Belə ki, Xocavənd rayonunun Tuğ, Çinarlı və Hünərli kəndlərindəki məbədlərlə yanaşı, bir çox ibadət yerlərində işğal dövründə qeyri-qanuni təmir işləri aparılıb. Bununla yanaşı, Xocalı rayonun Əsgəran qəsəbəsində yerləşən Əsgəran qalası və Xaçmaç kəndindəki məbəddə, Şahbulaq qəsrində işğal dövründə qanunsuz təmir-tikinti işləri aparılıb, abidələrin mənimsənilməsinə cəhd göstərilib”.

 

Tarixi abidələri saxtalaşdıran ermənilər Şuşada Saatlı məscidi və Xanlıq Muxtar karvansarayı kimi müxtəlif abidələrin memarlıq elementlərini də dəyişdiriblər. Həmçinin XIX əsrə aid Mamayı bulağının üzərində olan ərəb hərfləri ilə yazının yerinə erməni xaçı və yazıları həkk ediblər.

 

Aynur Kərimova qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin inventarlaşdırılma işləri yekunlaşdıqdan və müvafiq təhlillər aparıldıqdan sonra toplanmış faktlarla əlaqədar lazımi tədbirlər görüləcək.

Nazir müavini: “Qarabağda 705 abidə dövlət qeydiyyatına alınıb”

 

Mətbuata verdiyi açıqlamada mədəniyyət nazirinin müavini Səadət Yusifova Qarabağda və Şərqi Zəngəzurda 705 tarixi və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını deyib. O, bu prosesə yerli və xarici mütəxəssislərin cəlb edildiyi vurğulayıb: “Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı abidələr, müqəddəs məkanlar bərpa edilərək əsl sahiblərinin üzünə açılır. Heydər Əliyev Fondunun xətti ilə Şuşada, Ağdamda, Zəngilanda bir sıra abidələr bərpa edilib. Mədəniyyət Nazirliyinin xətti ilə Ağdamda Pənahəli xanın imarət kompleksinin bərpası yekunlaşıb”.

 

İşğal dövründə tarixi abidələri dağıdan tərəfin daşıdığı hüquqi məsuliyyətdən danışsaq, vurğulamaq lazımdır ki, işğalçı tərəf Beynəlxalq Haaqa Konvensiyasının və bir sıra digər sənədlərin tələblərini pozub. Haaqa Konvensiyasına görə, silahlı münaqişələr zamanı dini məbədlərin, elm, incəsənət məqsədlərinə xidmət edən binaların, tarixi abidələrin ziyan çəkməsinin qarsısın alınmalıldır. Cenevrə Konvensiyasına əlavə olunan I Protokola əsasən, xalqların mədəni və ya dini irsini təşkil edən tarixi abidələrə, incəsənət əsərlərinə və ya ibadətgahlara qarşı hər hansı düşmənçilik hərəkəti; belə obyektlərdən hərbi səyləri dəstəkləmək məqsədilə istifadə olunması; qisas obyektinə çevrilməsi qadağandır.

 

Azərbaycan isə öz tərəfindən bu sahədə mövcud olan beynəlxalq sənədlərə, o cümlədən sualtı mədəni irsin qorunması, memarlıq abidələrinin qorunması haqqında konvensiyalara qoşulub. Bir sıra tarixi abidələrimiz UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Ümumilikdə dünyanın 148 ölkəsinin 900-dən çox mədəniyyət obyekti bu siyahıda yer alıb. Sevindirici haldır ki, onların arasında Azərbaycan mədəniyyət abidələri də var.

 

Əlbəttə, abidələrin qorunması ilə bağlı mövcud konvensiyaların şərtlərinə əməl etmək böyük məsuliyyət tələb edir. Ölkəmiz abidələrin qorunması istiqamətində beynəlxalq konvensiyalara qoşulmaqla yanaşı, bu sahədə beynəlxalq əlaqələrini də gücləndirir.

 

P.S. Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə icra edilən “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb. Nazirlik yazının tam məzmununa görə məsuliyyət daşımır.

Whatsapp
Bizə yazın!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi