Modern.az

Dağıstandakı terror aktında azərbaycanlılar da zərər çəkib?

Dağıstandakı terror aktında azərbaycanlılar da zərər çəkib?

Aktual

24 İyun 2024, 13:12

Dünən axşam saatlarında Rusiyanın Dərbənd və Mahaçqala şəhələrində terror aktları törədilib. Kilsə və sinaqoqa terror hücumu həyata keçirilib. Ölən və yaralananlar var, həlak olanlardan 15 nəfəri polis işçisidir.


Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da varmı? Bu olayların Azərbaycana da təsiri ola bilərmi?
 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Rusiya Paralamentlərarası İşçi Qrupunun sər müavini Fəzail Ağamalı Dağıstanda baş verən terror aktlarını pisləyib:


“Bu, günahsız insanların həyatına qəsddir. Terror hər zaman bütün bəşəriyyəti, eləcə də bizi narahat edib. Bu, Moskvadakı olaylardan sonra Rusiyada ikinci belə böyük terror hadisəsidir. 
Hələ bundan sonra orada vəziyyət necə inkişaf edəcək, bilmək çətindir. Məlumata görə, kilsələrdən birində 40-a yaxın insan girov saxlanılır. Görünür ki, düşünülmüş terror aktıdır. Terror aktı Rusiyanı içəridən parçalamaq, zəiflətmək məqsədi daşıyır. Qərblə Rusiyanın qarşı-qarşıya durduğu və nə vaxt bitəcəyi bilinməyən çox ciddi kataklizmin növbəti bir həlqəsidir. Güman edək ki, Dağıstanda baş verənlər Rusiya üçün axırıncı hadisədir. Allah bundan sonra günahsız insanların qətlinə səbəb olan belə terror aktlarına imkan verməsin. Ancaq bizim bu fikirlərimiz Allaha duadan başqa bir şey deyil”.

F.Ağamalı Rusiyada baş verənlərin Azərbaycana təsir etməyəcəyini söyləyib:


“Azərbaycan hazırda dünyanın ən sabit, təhlükəsizliyi ciddi şəkildə təmin olunan ölkələrindən biridir. Mən tamamilə əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bunun fərqindədir. Azərbaycanın təkcə Ermənistanla deyil, bütün sərhədboyu ərazilərində sərhədçilərimiz, hüquq-mühafizə orqanlarımız dövlətin və insanlarımızın təhlükəsizliyini təmin etmək üçün çox ciddi şəkildə fəaliyyət ortaya qoyublar. Gəlin arzu edək və əmin olaq ki, bu və buna bənzər hadisələr Azərbaycana hər hansı formada təsir göstərməyəcək. Vaxtilə Azərbaycanda quru sərhədlərinin  açılması ilə bağlı məsələlər gündəmə gələndə və bəzi siyasətçilərin, sosial şəbəkə istifadəçilərinin "quru sərhədləri açılmalıdır" kimi fikirləri ciddi müzakirə olunanda, mən də quru sərhədlərinin bağlı qalmasının yalnız ölkəmizin viruslardan qorunması yox, Azərbaycanın indiki zaman kəsiyində təhlükəsizliyinin təmin olunması üçün atılan zəruri addım kimi dəyərləndirmişdim. Buyurun, Azərbaycanın Rusiya ilə sərhədinin 5 addımlığında - Mahaçqala və Dərbənddə bu cür terror hadisələri baş verib. Təbii ki, təəssüflənirik. Bu, eyni zamanda Azərbaycan dövlətinin, həqiqətən də nə dərəcədə doğru-düzgün addım atdığını və xoşagəlməz hadisələrin qarşısını almaq üçün zəruri vəzifələrin yerinə yetirilməsinə necə həssas münasibət bəslədiyini bir daha göstərdir”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri Şamil Tağıyev ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat olmadığını deyib:
 

“Artıq gecə saatlarında antiterror əməliyyatı bitmişdi. Ölən və yaralananların arasında etnik azərbaycanlıların olması mümkündür. Çünki hadisələrin bir qismi Dərbənd şəhərində baş verib. Orada da etnik azərbaycanlılar yaşayırlar. Lakin ölən və yaralananlar arasında etnik azərbaycanlıların olub-olmaması barədə dəqiq məlumat yoxdur. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə də heç bir informasiya yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda seçki başladı- Azərbaycanlı prezident olacaq?