Modern.az

Azərbaycanda hərb sənətinə olan maraq heç vaxt əskilməyib - Deputat

Azərbaycanda hərb sənətinə olan maraq heç vaxt əskilməyib - Deputat

Aktual

25 İyun 2024, 09:38

Baxmayaraq ki, Birinci Qarabağ Müharibəsində bizi məğlubiyyətə məhkum etmişdilər, amma Azərbaycanda ordu və hərb sənətinə olan maraq heç vaxt əskilməyib. 70 illik sovet dönəmində bunu genetik yaddaşımızda boğmağa çalışsalar da, bu tarixi yaddaş kifayət qədər möhkəm olduğu, eyni zamanda, xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafını düşündüyü üçün hərb sənətini xalqın yaddaşından silmək mümkün olmadı.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı  Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, sovet dövründə azərbaycanlıları mümkün qədər hərb sənətindən kənarda saxlamağa çalışırdılar:

 

“Amma buna baxmayaraq, Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra hərb sənətinin sirlərinin azərbaycanlılara öyrədilməsi üçün bir neçə mühüm addım atıldı. Şübhəsiz ki, bunlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Daha sonra Hərbi Dənizçilik Məktəbi, Quru Qoşunları Ali Məktəbi yaradıldı. Həmin dövrdə azərbaycanlıların bu hərbi məktəblərdə təhsil almaları prioritet hesab edilirdi. Gizli də olsa, bu barədə konkret təlimatlar verilmişdi. Eyni zamanda, bu illərdə azərbaycanlılar SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilməyə başlanıldı. Həmin şəxslər sonradan Azərbaycan ordusunun qurulması prosesində iştirak etdilər”.

 

Azər Kərimli bildirib ki, əgər Azərbaycan Silahlı Qüvvələrinin son 22 ildə keçdiyi yola nəzər salınarsa, bu prosesin tamamilə fərqli istiqamətdə getdiyinin şahidi olmaq mümkündür: “Xüsusilə də Azərbaycan ordusunun ən müasir döyüş taktikasına yiyələnməsi ilə bağlı atılan addımlar, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda, ən müasir texnikalar və biliklərə yiyələnməsi ilə əlaqədar həyata keçirdiyi tədbirlər ordumuzun döyüş qabiliyyətinin formalaşmasına zəmin yaratdı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması prosesində üçüncü mərhələ hesab oluna bilər. Bu strateji düşüncə və uzaqgörən addımların nəticəsidir ki, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı, ölkəmizin ərazisində aqressiv separatizmə son qoyuldu”.

 

Millət vəkilinin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında dördüncü mərhələ başlayıb: “Bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə keçidi yönündə tədbirlər həyata keçirilib, komando birlikləri yaradılıb. Bundan başqa, ən ağır şəraitlərdə döyüş əməliyyatları keçirə bilən xüsusi qruplar formalaşdırılıb. Azərbaycan hərbçilərinin texniki bilikləri inkişaf etdirilir. Hərbçilərimizin dünyada hərb sənətində baş verən yeniliklərlə tanış olmaları istiqamətində addımlar atılır.
Bəlli olduğu kimi, 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi müasir döyüş əməliyyatları dünyanın hərb sənayesi komplekslərinin prioritetlərini dəyişib. Azərbaycan artıq bu istiqamətdəki yeni prioritetlərini müəyyən edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!