Modern.az

Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Aktual

28 İyun 2024, 13:20

İyun ayının 27-də Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı Kəmaləddin Qafarov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru) Akif Rəfiyev,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

 

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, respublikamızın  hər yerində olduğu kimi,  Binəqədi rayonunda da böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açıb. Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı xidmətlərindən,  onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən də Binəqədi rayonunda həyata keçirilən inkişaf prosesindən  bəhs edən natiq  rayona və sakinlərə göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib. Konfransın işinə uğurlar arzulayıb.

 

Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, təşkilat üzvləri aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər, orta məktəblərdə və peşə təhsili məktəblərində gənclərlə mütəmadi görüşlər keçiriblər, onlarla maarifləndirici işlər aparıblar. Şəhidlərin anım mərasimlərində yaxından iştirak edərək, onların ailələrinə, qazilərə mənəvi dəstək olublar. Həmçinin  “Heydər Əliyev İli” çərçivəsində rayonun icra hakimiyyəti və YAP-ın yerli təşkilatı ilə birgə tədbirlər keçiriblər. Binəqədi Rayon Ağsaqqallar Şurasının üzvləri növbədənkənar prezident seçkilərində də öz fəallıqları ilə seçilərək cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər. Akif Rəfiyev onu da vurğulayıb ki, hesabat dövründə həm özü, həm də rayon ağsaqqalları tərəfindən  kütləvi informasiya vasitələrində müxtəlif aktual mövzularda məqalələri dərc olunub. Natiq vurğulayıb ki, bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

 

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Aslan Mehdiyev, Əməkdar incəsənət xadimi, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İlham Rəhimli və digər natiqlər rayon ağsaqqallarının fəaliyyətindən bəhs ediblər.  Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər. Binəqədi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndiriblər. Əmin olduqlarını bildiriblər ki, bundan sonra da ağsaqqallar Azərbaycan tərəqqisi naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.

 

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Şuranın sədri, deputat, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb.

 

Bildirib ki, Bakının ən böyük rayonlarından biri olan Binəqədi rayonunun Ağsaqqallar Şurasının üzvləri öz aktiv fəaliyyətləri ilə hər zaman seçiliblər. Çünki bu rayonda təşkilata çox təcrübəli insan, ölkəmizdə böyük xidmətləri olan Akif Rəfiyev kimi bir ziyalı rəhbərlik edir və o, rayon sədrləri arasında yeganə şəxsdir ki, həm də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür. Sonra  natiq Azərbaycan Ağsaqqallar Şurasının son illərdəki fəaliyyətindən bəhs edərək vurğulayıb ki, ağsaqqalların cəmiyyətdəki nüfuzu nəzərə alınaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə 2020-ci ilin sentyabrında Şuranın növbədənkənar VIII qurultayı keçirilərək təşkilat yenidən formalaşdırılıb. Hazırda Şura öz məhsuladar fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Ağsaqqallar Şurasının gördüyü işlər barədə  ətraflı məlumat verən Əhliman Əmiraslanov bildirib ki, hər zaman Ulu Öndər Heydər Əliyevin zəngin irsini cəmiyyətimizdə təbliğ edən Şura öz fəaliyyətini 2023-cü il – “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçirib. Daim dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, Azərbaycanın çiçəklənməsinə çalışan şəhər və rayon ağsaqqalları bu il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Təbliğat-təşviqat, o cümlədən səsvermə prosesində fəal iştirak edərək Azərbaycanın alternativsiz Prezidenti cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər.

 

Əhliman Əmiraslanov, həmçinin, öz nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfərdən, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, vətəndaşlarımızın mərhələ-mərhələ öz ata-baba yurdlarında məskunlaşmalrından söz açıb. Natiq, həmçinin, mövcud problemlərə də toxunub. Hazırda boşanmaların sayının gündən-günə artmasından, erkən və qohumlar arasında olan nikahlardan bəhs edib. Vurğulayıb ki, bu halların qarşısını almaq üçün ağsaqqallar daha aktiv fəaliyyət göstərməlidirlər. Binəqədi Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi işləri yüksək qiymətləndirən Əhliman Əmiraslanov hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.

 

Sonda bəzi təşkilati məsələlər müzakirə olunub və Binəqədi Rayon Ağsaqqallar Şurasının İdərə Heyətinin tərkibi yenidən formalaşdırılıb

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?