Modern.az

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı keçirilib - FOTO

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı keçirilib - FOTO

Aktual

28 İyun 2024, 13:02

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  “The Ritz-Carlton” mehmanxanasında keçirilmiş Əmlak və İnvestisiya Zirvəsində iştirak edib. Tədbirdə komitənin “Böyük Qayıdış nəşrlərdə” adlı sərgisi də nümayiş olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində hazırlanmış nəşrlərin təqdim olunduğu sərgiyə tədbirin 100-dən çox iştirakçısı baxıb.

 

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə tədbirdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışın ilkin nəticələri, bu prosesin səmərəli təşkilində  maarifləndirmə, təbliğat-izahat və təşviqat işlərinin əhəmiyyəti barədə danışıb, Dövlət Komitəsinin hazırladığı nəşrlərin təkcə məcburi köçkünlərin deyil, həm də geniş ictimaiyyətin məlumatlandırılması məqsədi daşıdığını bildirib.

 

Sərgi iştirakçılarına məcburi köçkünlər üçün hazırlanmış 6 adda maarifləndirici, 9 adda məlumatlandırıcı, həmçinin “Şuşa qalası” seriyasından 10 adda tarixi-etnoqrafik  broşürlər təqdim edilib.  Maarifləndirici broşürlər mina təhlüksəizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır. Həmçinin məcburi köçkünlər üçün məlumat kitabı və azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından bəhs edən kitab nəşrə hazırlanmışdır.

 

“Şuşa qalası” seriyasına isə “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir.

 

Böyük Qayıdışa təbliğat-təşviqat və izahat dəstəyi olaraq hazırlanan nəşrləri sərgi iştirakçıları maraqla qarşılayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?