Modern.az

Emin Əmrullayev və Qoşqar Təhməzli BMU-da olub - FOTO

Emin Əmrullayev və Qoşqar Təhməzli BMU-da olub - FOTO

Aktual

1 İyul 2024, 15:02

Elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Bakı Mühəndislik Universitetinin (BMU) geniş elmi-tədqiqat imkanlarına malik laboratoriyaları ilə tanış olublar.   

 

Modern.az xəbər verir ki, kimya və kimya mühəndisliyi, Biologiya, Kibertəhlükəsizlik, Kompüter, Mexanika mühəndisliyi, Elektronika və digər laboratoriyalar barədə qonaqlara məlumat verən BMU-nun rektoru Yaqub Piriyev universitetdə tədqiqatlar aparmaq, təhsilalanların nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.

 

Universitet rəhbəri kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığına ehtiyac duyulduğunu, bu yeni sahənin sürətli inkişafına zərurətin yarandığını qeyd edərək, BMU-da istifadəyə verilən Kibertəhlükəsizlik laboratoriyasının əhəmiyyətinə diqqət çəkib. Həmçinin bu gün sənaye və istehsalat sahələrinə aid problemlərin universitetlərdə araşdırıldığını, bu baxımdan BMU-nun tədqiqatyönümlü fəaliyyət üçün daha geniş imkanları diqqətdə saxladığını deyib.

 

Tanışlıq zamanı vurğulanıb ki, bugünkü universitetlərin inkişafı, tədqiqatyönümlü olması müasir dövrün qlobal çağırışlarıdır, əmək bazarı yeni bilik və bacarıqlar tələb etdiyi üçün universitetlərin nəzəriyyəni praktikaya tətbiq etmək imkanları daha geniş olmalıdır. BMU ilə qida təhlükəsizliyi sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların aparılması, bu sahə üzrə mütəxəssislərin hazırlanmasında müasir laboratoriyaların rolu önə çəkilib, qarşılıqlı dəstəklə uğurlu işlər görməyin mümkünlüyü nəzərdən keçirilib. Eyni zamanda son illərdə elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin uğurlu nəticələr ortaya qoyduğu qeyd edilib, bu mənada müasir laboratoriyalara malik BMU ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında yeni imzalanan əməkdaşlıq memorandumundan gözləntilərin böyük olduğu bildirilib.   

Universitet Texnoparkına da baxış keçirən qonaqların diqqətinə çatdırılıb ki, startapların inkişafı və onlara dəstək məqsədilə BMU-da inkubasiya proqramına start verilib. Startaplar işgüzar şəbəkə dəstəyi, marketinq, mühasibatlıq dərsləri, mentor təlimləri, investisiyaya və bazara çıxış kimi müxtəlif inkubasiya xidmətləri ilə təmin olunub. 

Tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış startaplarla yaxından tanış olan Emin Əmrullayev və Qoşqar Təhməzli yeni dövrün tələblərinə uyğun layihələr hazırlayan gənclərlə səmimi söhbət edib, onların startaplarının mahiyyəti, ideyalarını biznesə çevirmələri barədə maraqlı fikirlərini dinləyib, öz tövsiyələrini veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ