Modern.az

Kəlbəcər polisi: igidlik və zəfər məktəbi!

Kəlbəcər polisi: igidlik və zəfər məktəbi!

Aktual

2 İyul 2024, 12:26

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cı ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

 

Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

 

Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.

 

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 20 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Birinci Qarabağ Müharibəsində  torpaqlarımızın düşməndən müdafiəsində Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları da qəhrəmanlıqla döyüşmüşlər. Vətən Müharibəsində və anti-terror əməliyyatlarında da  Daxili İşlər Nazirliyinin polis işçiləri və Daxili Qoşunların əməkdaşları kimi Kəlbəcər polisləri də torpaqlarımızın azadlığı,ölkəmizin suverenliyi uğrunda gedən döyüşlərdə  böyük qəhrəmanlıqla iştirak etmişlər. Məhz işğaldan azad olunan bütün  ərazilərdə ilk dəfə öz şərəfli xidmətini Azərbaycan polisi həyata keçirməyə başlamışdı.

 

Hazırda Azərbaycan polisi həm də işğaldan azad olunan torpaqlarımızda qanunun aliliyinin təmin olunması üçün səylə çalışır, vətəndaşlarımızın təhlükəsizliyi üçün mühüm işlər həyata keçirir.  Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis Polkovnik Haxverdi Əkbərov rayonun komendantı təyin olunub. Azərbaycan Respublikasıbın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Polkovnik Haxverdi Əkbərov Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

İlk günlərdən başlayaraq RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən, rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparıblar. Həmin günlərdə rayonda yerləşdirilmiş şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirdilər.
Artıq bu gün Kəlbəcər rayon Polis Şöbəsi üçün mükəmməl infrastruktur da yaradılıb. DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb. Bundan başqa ərazinin çətin relyefi nəzəra alınaraq, post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.

 

Polis Şöbəsinin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

 

Bəli, doğma torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərən Azərbaycan polisi bu gün doğma Kəlbəcərimizdə qayda qanunun keşiyində durur, azad olunmuş torpaqlarımıza qayıdan vətəndaşlarımızın rahat və təhlükəsiz yaşamaları üçün gecə-gündüz çalışır. Mərdlik və zəfər məktəbi sayılan Kəlbəcər polisi!

 

Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”