Modern.az

Nazir Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Nazir Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Aktual

3 İyul 2024, 14:30

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov şimal bölgəsinə səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, nazir əvvəlcə Şabran rayonunun Udullu kəndində pivot suvarma sistemi altında olan qarğıdalı sahəsinə baxıb. Məlumat verilib ki, son illər ölkədə qarğıdalı əkininə maraq artıb. Silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təminatını yaxşılaşdırır. Qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

 

Daha sonra nazir Məcnun Məmmədov rayonun Ağalıq kəndində 50 hektar sahədə salınmış intensiv və superintensiv alma, armud, gavalı, nektarin, gilas və heyva bağlarına baş çəkib. Şabranda meyvəçilik kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Son illərdə yeni salınan intensiv meyvə bağlarına dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

 

Nazir, həmçinin Dəvəçi kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatı ilə tanış olub. Bu təsərrüfatda istehsal olunan məhsullar əsasən daxili bazarda realizə edilir. Bölgələrdə bu tip təsərrüfatların yaradılması məşğulluğun təmin olunmasına da müsbət təsir göstərir. İstehsal gücü ildən-ilə artan təsərrüfatda 100-dək işçi çalışır.

 

Məcnun Məmmədov Dəvəçi kəndində fəaliyyət göstərən istixana kompleksində olub. İki hektar sahədə yerləşən istixana kompleksində ildə 150 ton tərəvəz yetişdirilir. Gələcəkdə istixana kompleksinin sahəsinin daha da genişləndirilməsi, istehsalın daha da artırılması nəzərdə tutulub. Nazir fermerlərlə istixana şəraitində tərəvəz yetişdiriciliyi, aqrotexniki qulluq qaydaları, məhsul satışı məsələləri ətrafında müzakirələr aparıb, onlara öz tövsiyələrini verib.

 

Qeyd edək ki, son illər Azərbaycanda aqroekoturizmə maraq çoxalıb. Aqroekoturizm fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər.

 

Belə təsərrüfatlardan biri də Şabran rayonunda yerləşir. Ümumi sahəsi 1,5 hektar olan bağda 50-dən artıq növ və çeşiddə meyvə-tərəvəz yetişdirilir. Aqroekoturizm mərkəzinin rəhbəri Şöhrət Məmmədov bildirib ki, bağda daha çox ekoloji becərmə üsullarına üstünlük verilir. Günəş panelləri ilə təmin olunan bağ suya qənaət edən müasir damcılı suvarma sistemi ilə suvarılır. Aqrar sahədə elmi yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyini deyən Şöhrət Məmmədov mərkəzdə yerləşən təlim otağında kənd təsərrüfatının müxtəlif sahələrinə dair seminar və təlimlərin keçirildiyini vurğulayıb.

 

Görüşdə aqroekoturizmin daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlıq, xarici təcrübənin öyrənilməsi, daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında bu sahənin rolu barədə müzakirələr aparılıb, fermerə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”